17:37 17-04-2009
news_image
1259
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz 2009-cu ilin bütün yarışlarından imtina etdi - EKSKLÜZİV

Azərbaycanın ən titullu stend atıcısı Zemfira Meftahəddinova 2009-cu ildə keçiriləcək bütün daxili və beynəlxalq yarışlara qatılmaqdan imtina edib. Bu haqda apasport.az saytına Meftahəddinova özü məlumat verib.

2000-ci il Sidney Olimpiadasının qalibi bu qərarını belə izah edib: “Bu il istirahət etmək qərarına gəlmişəm. Həm də 2 yaşlı oğlumu böyütməklə məşğul olacağam. Düzdür, öncə apreldən yarışlarda iştirak edəcəyimi demişdim. Lakin sonradan fikrimi dəyişdim. Elə buna görə yığmanın İtaliyada keçirilən təlim-məşq toplanışından kənarda qalmışam”.

Meftahəddinova hətta məşqləri də dayandırıb. O, məşqləri nə zaman bərpa edəcəyini söyləməyə çətinlik çəkib: “Baxarıq, görək necə olacaq. İndi bir tarix deyərəm, sonra yenə yalançı çıxaram”.

Qeyd edək ki, ötən ilin avqustunda Pekin Yay Olimpiya Oyunlarında 15-ci yerlə kifayətlənən 46 yaşlı stend atıcımız o vaxtdan bəri heç bir turnirdə qüvvəsini sınamayıb.