10:52 21-04-2009
news_image
1356
STOLÜSTÜ OYUNLAR

37 qat Azərbaycan çempionu dünyasını dəyişdi

Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın veteran damaçısı Üzeyir Abdullayev vəfat edib.

Üzeyir Abdullayev 1951-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 38 il idman sahəsində çalışıb. Bu müddətdə 37 dəfə Azərbaycan, 2 dəfə isə dünya çempionu olub. 1997-ci ildə beynəlxalq qrossmeyster, həmçinin beynəlxalq dərəcəli hakim olub. Abdullayevə 2007-ci ildə Rusiya Federasiyasının Şahmat və Dama İncəsənət Akademiyasının akademiki adı verilib. Bu ilin fevralında isə o, “Azərbaycan Respublikasının əməkdar idman ustası” fəxri adına layiq görülüb.

Veteran damaçı son vaxtlar ürək ağrılardan əziyyət çəkirdi. 1996-cı ildən bəri Azərbaycan Gənclər və İdman Nazirliyində aparıcı-məsləhətçi vəzifəsində çalışan Üzeyir Abdullayev elə vəzifəsinin icrası zamanı dünyasını dəyişib. Nazirlik tərəfindən Lənkərana ezamiyyəyə göndərilən Abdullayevin qəflətən səhhəti pisləşib və həkimlərin müdaxiləsi nəticəsiz qalıb.

Üzeyir Abdullayev bu gün Bakıda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!