15:51 22-04-2009
news_image
786
DİGƏR NÖVLƏR

Transseksual tennisçinin arzusu

Çilili Andrea Paredes dünya tennis tarixinə ikinci transseksual kimi düşüb. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, 2000-ci ildə cinsini dəyişmək üçün əməliyyat olunan Paredes valideynlərinin ona verdiyi Ernesto adından imtina edib.

O, artıq 9 ildir ki, Beynəlxalq Tennis Federasiyası (İTF) və Ümumdünya Tennis Assosiasiyasının (WTF) versiyası üzrə turnirlərin tam hüquqlu üzvü olmağa çalışır. Hələ uşaqlıqdan cinsini dəyişmək arzusunda olan Paredes istəyinə nail olduqdan sonra qadınlar arasında zirvələr fəth etmək niyyətindədir. Beynəlxalq tennis qurumları və Çili Tennis Federasiyası əvvəlcə onun bu niyyətinə qarşı çıxıblar. Yalnız 2005-ci ildə İTF homoseksuallara münasibətlə bağlı reqlamentə əlavələr etdikdən sonra Andreanın önündə yaşıl işıq yandırılıb.

Eyni zamanda maliyyə məsləhətçisi vəzifəsində çalışan 37 yaşlı Paredes hormon analizi verdikdən sonra İTF-in Buenos-Ayresdə keçirilmiş turnirinə “wild card”la qatılıb. O, elə ilk görüşdəcə Böyük Britaniya təmsilçisi Nikol Sleyterə 31 dəqiqəyə uduzub – 0:6, 0:6. Lakin transseksual tennisçi yenə də təslim olmaq fikrində deyil. O, Qadın Tennisçilər Assosiasiyasının (WTA) versiyası üzrə turnirlərdə dünyanın tanınmış xanım idmançıları ilə mübarizə aparmaq arzusundadır. Paredes özünü 10 yaş cavan hiss etdiyini bildirib.

Qeyd edək ki, tennisdə ilk transseksual Rene Riçards olub. Riçard Raskin kimi doğulan tennisçi cinsini dəyişib. O, 1977-ci ildə məhkəmə yolu ilə WTA seriyasından turnirlərdə çıxış etmək hüququ qazanıb. Qadınların reytinqində 22-ci pilləyədək yüksələn Riçards karyerasını 43 yaşında başa vurub.