13:06 23-04-2009
news_image
1205
STOLÜSTÜ OYUNLAR

“Dünya yığmasına qələbə hədiyyə etmək niyyətində deyilik” - MÜSAHİBƏ

Mayın 7-dən 9-dək Bakıda keçiriləcək şahmat üzrə “Prezident kuboku” çərçivəsində Azərbaycan və dünya yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu oyunda azərbaycanlı zəka sahiblərindən Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov iştirak edəcək. Dünya yığmasının heyətində isə paytaxtımıza hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), eləcə də Aleksey Şirov (İspaniya) və Sergey Karyakin (Ukrayna) təşrif buyuracaq.



Bu tarixi oyun ərəfəsində milli komandamızın lideri Teymur Rəcəbovun müsahibəsini təqdim edirik

- İndi bütün diqqət Azərbaycan və dünya yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünə yönəlib. Bu xəbəri eşidəndə sizin ilk reaksiyanız necə oldu?

- Bütün şahmat tarixində dünya yığması ilə cəmi bir neçə yoldaşlıq matçı keçirilib. Səhv etmirəmsə, belə görüşlərin sayı 4-dür. Buna görə də istənilən milli komanda üçün dünya yığmasına qarşı oynamaq böyük şərəfdir.

- Siz XXI əsrin ən yaddaqalan matçında - Rusiya və dünya yığması arasında görüşdə iştirak etmisiniz. Bu oyunu necə xatırlayırsınız?
- Bəli, 2002-ci ildə mənə belə bir xoşbəxtlik nəsib olub. Mən Anand, Şirov kimi şahmatçılarla birgə dünya yığmasının heyətində yer almışdım. Moskvada Kremldə təşkil olunmuş qarşılaşma dünya mətbuatının da diqqət mərkəzində idi. Rusiya komandası çox güclü idi, heyətdə Harri Kasparov, Anatoli Karpov, Vladimir Kramnik və digər rus qrossmeysterlər oynayırdılar. Buna baxmayaraq, biz qalib gəldik.

- Bəs dünya yığmasının indiki heyəti barədə nə deyə bilərsiniz?
- Rəqibimiz çox güclü şahmatçılardan təşkil olunub. Reytinq baxımından bizi üstələyirlər. Ancaq hazırda dünya reytinq cədvəlinin 4-5-ci pilləsində qərarlaşan bizim komandamız rəqibə heç də qələbə hədiyyə etmək niyyətində deyil.

- Son vaxtlar psixoloji planda dünya yığmasının üstünlüyü tez-tez qeyd olunur. Bu fikirlə razısınızmı?
- Ola bilər. Evdə doğma azarkeşlər önündə oynamaq həmişə həyəcanlandırıcı olur. Həm də bayaq bildirdiyim ki, rəqibin orta reytinqi bizdən yüksəkdir. Lakin bunun həlledici məqam olduğunu düşünmürəm. Hesab edirəm ki, şanslar bərabərdir. Hər şey konkret şahmatçıların oyun vaxtı tətbiq edəcəkləri üsullardan asılıdır.

- Qarşıdakı yoldaşlıq görüşü sizin üçün hansı əhəmiyyəti kəsb edir? Qələbə Azərbaycan yığmasına özünəinamı qaytara və bu, gələcək rəsmi yarışlarda uğurlu çıxış üçün psixoloji təkan ola bilərmi?
- Mənim üçün milli komandanın şərəfini qorumaq həmişə qürurvericidir. Xüsusilə, belə yoldaşlıq görüşlərində. Bundan başqa, qarşılaşmanın ümummilli lider, həm SSRİ, həm də müstəqillik dövründə Azərbaycanda şahmatın inkişafı üçün böyük işlər görmüş mərhum prezident Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyini nəzərə almaq lazımdır. Yoldaşlıq görüşü və şahmatın təbliğatına yardım xarakteri daşımasına baxmayaraq, oyunun gərgin mübarizə şəraitində keçəcəyini fikirləşirəm. Çünki hər iki tərəfdə iddialı şahmatçılar var. Matç Azərbaycan və dünya şahmat tarixinə düşəcək. İstərdim ki, bu oyun tarixə bizim qələbəmiz kimi daxil olsun. Belə psixoloji qalibiyyətlər inam hissinin artırılması üçün yaxşıdır.

- Necə fikirləşirsiniz, sabiq və hazırkı dünya çempionlarının Azərbaycana gəlişi ölkə şahmatının inkişafına təkan verəcəkmi?
- Şübhəsiz. Şahmatda dünya çempionu sitayiş olunan bir fiqurdur. Hazırkı dünya çempionu Vişvanatan Anand isə öz sirli aurası ilə planetin bütün nöqtələrində arzulanan qonaqdır. Vladimir Kramnikə gəlincə, o, uzun illər şahmat olimpinin zirvəsində durub və durur. Onun dünyada çoxlu azarkeşi var.

- Siz axır zamanlar intensiv şəkildə bir çox turnirlərdə mübarizə aparırdınız. İndi isə fasilə götürmüsünüz. Yoldaşlıq görüşündən sonrakı planlarınız necədir?
- Doğrudan da, son dövrlər ardıcıl nüfuzlu beynəlxalq turnirlərə qatıldığımdan, gərgin qrafikim olub. Açığı, fiziki cəhətdən yorulmuşam və istirahətə ehtiyacım var. Buna görə mən yayda keçiriləcək əksər turnirlərdən imtina etmişəm. Bu səbəbdən yayda ola bilər ki, cəmi bir yarışda qüvvəmi sınayacağam. Payızda isə yenidən gərgin qrafikli yarışlarım başlayacaq.

Mənbə: extratime.az