14:37 30-04-2009
news_image
525
DİGƏR NÖVLƏR

Avarçəkmə üzrə Azərbaycan çempionatı başlandı

Bu gün Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə növbəti Azərbaycan çempionatı start götürüb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, çempionatın açılış mərasiminin iştirakçıları öncə mərhum prezident Heydər Əliyevin Mingəçevirdə ucaldılan abidəsini ziyarət ediblər.

Daha sonra Təlim-Tədris Mərkəzində açılış mərasimi keçirilib. Tədbirdə AMAF-ın I vitse-prezidenti Natiq Abbasov, eləcə də Mingəçevir şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Ramiz Əliyev nitq söyləyiblər. Onlar Azərbaycanda avarçəkmənin qısa müddət ərzində sürətlə inkişaf etdiyini və ölkəmizin bu idman növü üzrə də beynəlxalq miqyasda tanınmağa başladığını söyləyiblər. Bundan sonra yarış açıq elan olunub.

Oğlan və qızlar arasında keçirilən ölkə birinciliyinə 120-dək yeniyetmə (U-18) və gənc (U-23) avarçəkənlər qatılıblar. 1995-1996 və 1996-1997-ci il təvəllüdlü idmançılarımız isə çempionatda müsabiqədənkənar çıxış edirlər. Yeniyetmə və gənc akademik avarçəkənlərdən oğlanlar 1 nəfərlik, 2 nəfərlik və 4 nəfərlik qayıqlarda 2000 metr, qızlar və 1995-1996, 1996-1997-ci il təvəllüdlü oğlanlar isə 1000 metr məsafəyə yürüşdə mübarizə aparacaqlar. 1 nəfərlik və 2 nəfərlik qayıqlarda qüvvələrini sınayacaq kayak və kanoeçilər üçün bu məsafə 1000 metr, 500 metr və 200 metr nəzərdə tutulub. Çempionata mayın 2-də yekun vurulacaq.