13:27 04-05-2009
news_image
806
STOLÜSTÜ OYUNLAR

Vişvanatan Anand: Teymur Rəcəbov olan yer darıxdırıcı deyil

Şahmat üzrə hazırkı dünya çempionu Vişvanatan Anand həmyerlimiz Teymur Rəcəbovu tərifləyib. Apasport.az saytının məlumatına görə, hindistanlı qrossmeyster alman mətbuatına verdiyi müsahibədə milli komandamızın lideri ilə qarşılaşmaların maraqlı olduğunu bildirib.

“Hind pələngi” 20 ildir mübarizə apardığı və əksər hallarda qalibi olduğu turnirlərdə oynamağın darıxdırıcı olmamağında yaxşı rəqiblərin rolunu vurğulayıb: “Ən əsası odur ki, şahmat oynamaqdan xoşum gəlir. Turnirlərə köklənmək üçün təkcə yarışların adları ilə kifayətlənmirəm. Oyunun özü, rəqiblər daim motivasiya olmağıma əsas verir. Düşünürəm ki, bu temp mənim üçün heç vaxt azalmayacaq. Etiraf edim ki, qısa müddətə kənara çəkilib turnirlərdən istirahət etməyim də yerinə düşdü. Həm də ki, bu 20 ildə iddialı rəqiblərin siyahısı daim dəyişib. İndi Teymur Rəcəbov, Maqnus Karlsen, Sergey Karyakin kimi istedadlı gənclər də onların sırasına qoşulub. Belələri olan yerdə isə mübarizə aparmaq darıxdırıcı deyil”.

Qeyd edək ki, Anand tezliklə Bakıya təşrif buyuracaq. O, mayın 7-də Azərbaycan və dünya yığmaları arasında keçiriləcək yoldaşlıq görüşündə iştirak edəcək.