17:03 06-05-2009
news_image
1658
STOLÜSTÜ OYUNLAR

Elman Rüstəmov: Bu şahmatçıları Bakıya gətirmək asan olmadı - FOTO - VİDEO

Bu gün Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident kuboku” turniri ilə bağlı mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə AŞF-nin prezidenti Elman Rüstəmov, qurumun vitse-prezidenti Mahir Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, yarışın baş hakimi Faiq Həsənov, həmçinin azərbaycanlı şahmatçılar Teymur Rəcəbov, Vüqar Həşimov, dünya yığmasının üzvləri Vladimir Kramnik (Rusiya) və Sergey Karyakin (Ukrayna) iştirak edib.

“Prezident kuboku”nun əhəmiyyətindən danışan Elman Rüstəmov yarışın ildən-ilə daha yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Artıq bu turnir xoş bir ənənəyə çevrilib. Dünya çempionu, vitse-çempionu və digər nüfuzlu şahmatçıları ölkəmizə dəvət etməklə, mühüm hadisəni gerçəkləşdiririk. Fikrimcə, turnir ölkəmizdə şahmatın inkişafına öz töhfəsini verəcək. Çünki bu idman növünə dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Buna görə də bizim güclü komandamız var”.

AŞF rəhbəri nüfuzlu zəka sahiblərini paytaxtımıza gətirməyin asan olmadığını gizlətməyib: “Bu şahmatçıları Bakıya gətirmək heç də asan deyil. Bununla belə, onları ölkəmizdə görməkdən məmnunuq. İnanıram ki, çox maraqlı, baxımlı partiyalar izləyəcəyik”.

Rüstəmov Azərbaycan və dünya yığmaları arasında görüşün nəticəsi haqda proqnoz vermək istəməyib. “Nəticə şahmat lövhələri arxasında müəyyənləşəcək” - deyə federasiya prezidenti vurğulayıb.

O, həmçinin Şahmat Sarayının inşa olunacağını söyləyib: “Bildiyimizə görə, bununla bağlı Dövlət Proqramına müddəalar salınıb. Amma biz proqramı hələlik əldə etməmişik. Bu sənədi əldə edən kimi, onun icrasına başlayacağıq”.

Qeyd edək ki, 7-9 may aralığında baş tutacaq “Prezident kuboku”nda Kramnik və Karyakindən başqa, Vişvanatan Anand və Aleksey Şirov da mübarizə aparacaq. Milli komandamızın şərəfini isə Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov qoruyacaq.