17:58 06-05-2009
news_image
1355
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Əgər dünya yığması ilə futbol oynasaydıq...

“Dünya yığması ilə görüşdə hər şey şahmatçılarımızın motivasiyasından asılıdır. Təbii ki, rəqib komanda qələbə qazanmağa çalışacaq. Ancaq biz də zəif deyilik. Komanda şəklində mübarizə aparmaq bacarığımızı əvvəlki yarışlarda göstərmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın şahmat üzrə milli komandasının lideri Teymur Rəcəbov deyib.

Mayın 7-9-dək “ÜNS” yaradıcılıq səhnəsində Azərbaycan və dünya yığmaları arasında “Prezident kuboku” çərçivəsində keçiriləcək görüş barədə fikirlərini bölüşən 22 yaşlı idmançı analoji oyunun iştirakçısı olduğunu söyləyib: “Mən artıq bir dəfə, 2002-ci ildə belə bir turnirdə çıxış etmişəm. Həmin vaxt dünya yığmasının heyətində Rusiyaya qarşı oynamışam. Rusiya komandasının güclü olmasına baxmayaraq, qələbəyə nail olmuşduq. Bu dəfə də yaxşı oyun göstərməklə, rəqibi məğlub etməyə, azarkeşlərimizi sevindirməyə çalışacağıq.”

Rəcəbov doğma meydan amilinə xüsusi toxunub. Məşhur şahmatçı bildirib ki, bunun müsbət və mənfi cəhətləri var: “Əgər futbol olsaydı, azarkeşlər tribunalarda qışqıracaqdılar, rəqibə təzyiq göstərəcəkdilər. Şahmatda isə zalda yalnız baş hakim olur. Düzdür, ölkə şahmatsevərlərindən aldığımız dəstək bizə çox köməklik edir. Bununla belə, doğma meydan amili psixoloji cəhətdən yığmamıza mənfi təsir göstərə bilər. Axı, qələbə qazanmaq istəyimiz böyükdür”.

Psixoloji turnirə hazır olduğunu söyləyən Teymur son Şahmat Olimpiadasında medal qazanmamağımızın səbəbini açıqlayıb. O, milli komandamıza təcrübəsizliyin maneçilik törətdiyini deyib: “Bizimki alınmadı” cavabı ən optimal variant sayılır. Amma mən həmin yarışın nəticəsi barədə belə deməzdim. Komandamız çox güclü idi. Uşaqlıqdan bir yerdə oynayırıq, kollektiv daxilində birlik var. Yekunda isə medal qazana bilmədik. Bəlkə də buna təcrübəmiz çatmadı”.