18:54 06-05-2009
news_image
703
STOLÜSTÜ OYUNLAR

Vladimir Kramnik: Anandı Bakıda rusca danışmağa məcbur edəcəyik

“Bu gün həyat yoldaşımla Bakını gəzməyə çıxmışdıq. Şəhəriniz haqqında təəssüratlarım böyükdür. Burada tikinti işləri, çoxlu gözəl, müasir binalar gördük. Mən yarışdan bir gün sonra da Bakıda qalacağam. O zaman paytaxtınızı daha yaxından tanımaq imkanım olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Prezident kuboku”nda dünya yığmasının heyətində Azərbaycan komandasına qarşı oynayacaq rusiyalı Vladimir Kramnik deyib.

Dünyanın vitse-çempionu qarşıdakı yarışa məsuliyyətlə yanaşdığını söyləyib: “Əslində, qatıldığımı turnirlər arasında fərq qoymuram. Hamısına eyni məsuliyyətlə hazırlaşıram. Bakıya sonadək mübarizə aparmaq niyyəti ilə gəlmişəm. Ola bilər ki, heç-heçə və ya digər nəticələr qeydə alınsın. Amma ən əsası, parlaq, maraqlı oyun göstərməkdir”.

34 yaşlı şahmatçı ötən il hindistanlı Vişvanatan Anandla “Şahmat tacı” uğrunda görüşlərini də xatırladıb. O, dünya çempionu olmaq şansını hansı səbəbdən əldən buraxmasına aydınlıq gətirib: “Yəqin ki, bəxtim gətirmədi. “Şahmat tacı”nı qazanmağın xüsusi resepti yoxdur. Sadəcə, lazımi vaxtlarda yaxşı formada olmaz gərəkdir. Bundan başqa, istedad olmadan nəsə əldə etmək qeyri-mümkündür. Yenidən dünya çempionu olacağıma inanıram. Bu səhifə mənim üçün bağlanmayıb. Özümdə güc, inam və hər şeydən önəmli arzu hiss edirəm”.

“Prezident kuboku”nda dünya yığmasının şərəfini 4 müxtəlif millətin nümayəndəsi - rusiyalı Kramnik, Vişvanatan Anand (Hindistan), Aleksey Şirov (İspaniya) və Sergey Karyakin (Ukrayna) qoruyacaq. Buna görə də Kramnikə növbəti sual dillə bağlı olub. “Ananddan başqa, siz üçünüz rusca danışırsınız. Bəs turnirdə necə ümumi dil tapacaqsınız: rusca, yoxsa ingiliscə?”

Vitse-çempionunun suala yarızarafat-yarıgerçək cavab verib: “Biz Anandı rusca danışmağa məcbur edəcəyik. Burda dilə bir o qədər ehtiyac yoxdur. Çünki biz bir-birimizi çağırıb, ötürmə verməyəcəyik. Mən ayrı-ayrı komandaların heyətində oynamışam. Bir misal da çəkim. Rusiya yığmasında hamımız eyni dildə danışırıq. Bütün komanda üzvlərinin əla münasibəti var, lakin nəticə yoxdur”.