16:44 08-05-2009
news_image
925
STOLÜSTÜ OYUNLAR

Aronyan: Şəhriyar Məmmədyarov yüksək səviyyəli şahmatçı deyil

Ermənistanlı qrossmeyster Levon Aronyan həmyerlimiz Şəhriyar Məmmədyarovun “bostanına daş atıb”. Apasport.az saytının məlumatına görə, FİDE “Qran-Pri” turnirinin Nalçikdə təşkil olunan mərhələsində birinci olan Aronyan ilk turda məğlub etdiyi şahmatçımızı güclü rəqib saymır. Onun fikrincə, Nalçikdə yüksək səviyyəli qrossmeysterlər mübarizə aparmayıb: “Həmin turnirdə elə bir rəqib yox idi ki, məni kiçicik qeyri-dəqiqliyə görə cəzalandırsın. Mən yüksək səviyyəli şahmatçılar siyahısına Veselin Topalov, Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramniki aid edirəm. Həmişə də özümü onlara bərabər saymışam. Nalçikdəki turnirdə də səviyyəli şahmatçılar var idi. Ancaq onların hamısı adlarını çəkdiyim qrossmeysterlərdən nə iləsə fərqlənirdilər. Elələri var idi ki, bir gün partiyanı yüksək səviyyədə keçirsə də, digər gün bunu bacarmırdı. Topalov, Karlsen, Anand və Kramnik isə hər gün uğurla çıxış edirdi”.

Qeyd edək ki, Nalçikdə 180 xal toplayan Aronyan Qran-Prinin dörd mərhələsinə görə turnir cədvəlinə başçılıq edən digər şahmatçımız Teymur Rəcəbovdan geri qalır. Teymur Nalçikdəki turnirdə iştirak etmədiyi üçün Levonla üz-üzə gəlmədi. Rusiyalı həmkarlarımız Aronyanla müqayisədə bir mərhələ çox keçirən Rəcəbovun liderliyini sonadək qoruyacağına real saymır. Onların fikrincə, Levonu 60 xal qabaqlayan, Bakıdakı Qran-Pri mərhələsində 8-10-cu yeri tutan Teymurun (363 1/3) nəticəsini heç uğurlu saymaq olmaz. Aronyan üçünsə Qran-Prinin növbəti mərhələsi xüsusi əhəmiyyət kəsb edəcək. Belə ki, turnirin 5-ci mərhələsi avqustun 8-dən 24-dək İrəvanda keçiriləcək. Əgər Levon bu yarışda qalib gəlsə, o, vaxtından əvvəl seriyada ümumi qələbə qazanacaq. Qran-Pri 6 mərhələdən ibarətdir və FİDE dekabrın 7-dən 23-dək sonuncu mərhələni harada keçirəcəyini hələ müəyyənləşdirməyib.