17:42 08-05-2009
news_image
712
STOLÜSTÜ OYUNLAR

Elman Rüstəmov: “Şahmat tacı” uğrunda görüşün Bakıda keçirilməsini istəyirəm - MÜSAHİBƏ

Azərbaycan Şahmat Federasiyasının prezidenti, “Prezident kuboku” uğrunda yarışda milli komandamızın kapitanı Elman Rüstəmov bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, federasiya rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

- “Prezident kuboku” yarışının ilk 3 turundan sonra şahmatçılarımızın çıxışını necə dəyərləndirirsiniz?
- Vəziyyət normaldır. Turnirdə yığmamızın qarşısına hökmən qalib gəlmək vəzifəsi qoymamışıq. Buna görə də Bakıya belə güclü şahmatçılar toplaşdı. Açığı, dünya komandasının heyətində yer alan istedadlı oyunçuları Azərbaycana gətirməkdə onları ölkə şahmatsevərlərinə, gənclərə, yeniyetmələrə göstərməkdir. Artıq bu məqsədimizə çatmışıq. Yarışın keçirildiyi zal doludur. Oyunlar gərgin idman mübarizəsi şəraitində keçir, şahmatçılar bir-birlərinə güzəşt etmirlər ki, bu da yaxşı haldır.

- Komandanın kapitanı kimi fikrinizi bilmək istərdik. Sizcə, yığmamızın ən güclü və ən zəif şahmatçısı kimdir?
- Mən ayrı-seçkilik etmək istəmirəm. Şahmatçılar var qüvvələrini sərf edirlər, bacarıqlarını göstərirlər. Gəlin, bu suala turnirdən sonra cavab verək.

- Sizcə, hansı səbəbdən milli komandamız hesab geri qalıb? Üçüncü turdan sonra şahmatçılarımızla görüşüb, onlara məsləhətlərinizi, tövsiyələrinizi verəcəksinizmi?
- Dünya çempionu Vişvanatan Anand dünən dedi ki, bu uğura nail olmaqda əsas amil bəxtdir. Hesabda geri qalmağımızda bəxt amilinin rolu var. Şahmatçılarımızın mübarizliyindən razıyam, amma nəticədən yox. Hər halda, sona hələ bir neçə tur qalıb.

- Şahmat Federasiyasının prezidenti seçilərkən, “Şahmat tacı”nın mümkün qədər tez ölkəmizə gətiriləcəyinə çalışacağınızı demişdiniz. Bu uğura ən yaxın vaxtda nə zaman nail olmaq mümkündür?
- Dövlət başçımız cənab İlham Əliyev bizim qarşımıza belə vəzifə qoyub. Hesab edirəm ki, bu vəzifənin öhdəsindən gəlmək realdır. FİDE prezidenti Kirsan İlyumjinov da qeyd etdi ki, bizim şahmatçılar çox istedadlıdır, yüksək reytinqə malikdirlər. Fikrimcə, onlar yaxın gələcəkdə “Şahmat tacı” uğrunda real olaraq, mübarizə qoşulacaqlar. Bu istiqamətdə işlər aparılır. Dövlət Proqramının da müddəalarına əsasən, elit şahmatçılar öz güclərindən maksimum yararlanmalı, məqsədlərinə çatmalıdırlar.

- Adətən idman yarışlarında komandaların kapitanları da üz-üzə gəlirlər. Sizin FİDE dünya yığmasının kapitanı İlyumjinovla oynamaq fikriniz varmı?
- (gülür) Bu oyuna məmnuniyyətlə hazıram.

- Vişvanatan Anand və Veselin Topalov arasında “Şahmat tacı” uğrunda görüş Azərbaycan təşkil oluna bilərmi?
- Necə deyərlər, “iştaha diş altındadır”. Bu haqda düşünürük. Eyni zamanda, bu məsələyə də Dövlət Proqramı çərçivəsində baxılacaq. Şəxsən, mən belə mötəbər yarışın ölkəmizdə keçirilməsini istəyirəm.

- Ötən il keçirilmiş Şahmat Olimpiadasından sonra kişilərdən ibarət yığmamıza əcnəbi baş məşqçi təyin olunacağı gözlənilirdi. Bununla bağlı nə yenilik var?
- Bu məsələ aktual deyil, ciddi müzakirə olunmayıb. Yaxın vaxtlarda Gənclər və İdman Nazirliyi ilə birgə Dövlət Proqramının müddəalarının reallaşması mexanizmi üzərində müzakirə aparacağıq. Həmin vaxt ölkəmizdə şahmat təsərrüfatının inkişafına dair bütün məsələlərə toxunalacaq.

- Ermənistan tərəfi Dağlıq Qarabağda beynəlxalq şahmat turnirləri keçirirlər. Bunun qarşısını almaq üçün sizin təsir mexanizminiz var?
- İşğal olunmuş torpaqlarımızda ermənilərin keçirdiyi heç bir turnirin legitimliyi yoxdur. O ki qaldı təsir mexanizminə, biz FİDE-yə müraciət edib, bu məsələni qurum qarşısında qaldırmışıq.