16:17 14-05-2009
news_image
1354
DİGƏR NÖVLƏR

“Azərbaycanda hər şey var, biz isə Avropada yazıq gündəyik” - VİDEO

“Bakıya bu gün səhər saat 7-də gəlmişəm. Fikir verdim ki, iki il əvvəllə müqayisədə, Bakı tam başqa şəhərdir. Maliyyə böhranı Azərbaycandan başqa, bütün ölkələrə təsir göstərib. Amma sizin qazınız, neftiniz, hər şeyiniz var. Biz isə Avropada yazıq gündəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Dimitrios Dimitropoulos deyib.

Sabah Heydər Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək bədii gimnastika üzrə 25-ci Avropa çempionatı ilə bağlı keçirilən mətbuat konfransında Dimitropoulosla yanaşı, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, baş katib Fərid Qayıbov, yığmamızın baş məşqçisi Mariana Vasileva, həmçinin UEG-in vitse-prezidenti Andras Sabo, bu qurumun bədii gimnastika üzrə Texnika Komitəsinin sədri Hayde Bruneder də iştirak edib.

Dimitropoulos ikinci dəfə qitə birinciliyinin Bakıda keçirilməsindən məmnunluğunu bildirib. Yunan prezident vurğulayıb ki, Azərbaycanda bədii gimnastika yüksək inkişaf edib: “Çox şadam ki, bugünkü mətbuat konfransında belə çoxlu insan görürəm. Bu onu deməyə əsas verir ki, Azərbaycanda bədii gimnastikaya böyük diqqət və maraq var. Azərbaycan fantastik və dost ölkədir. Biz, avropalılar burada özümüzü evimizdəki kimi hiss edirik. İki il öncə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşümüzdə o, Avropa çempionatının hər dəfə burada keçirilməsini istədiyini bildirmişdi. Bu həm mənim, həm də İlham Əliyevin arzusudur”.

Maraqlı açıqlamalar verən UEG rəhbəri Azərbaycanın dünyanın ən yaxşı bədii gimnastika komandalarından biri olduğunu söyləyib: “5-6 il əvvələ qayıdaq. O zaman sizdə heç düz-əməlli idmançı yox idi. Amma indi A kateqoriyasına yüksəlmisiniz. Sıçrayışla inkişaf etmisiniz. Artıq gümüş medala naz edirsiniz. Halbuki, 5-6 il öncə yarışda iştirak edib-etməyəcəyiniz müzakirə olunurdu. Mən macar vitse-prezidentimdən soruşuram: sizin idmançılar nə vaxtsa Azərbaycan nümayəndələri kimi böyük nailiyyətlər göstəriblərmi?”

Dimitropoulos mətbuat konfransına əcnəbi və yerlilərdən ibarət çoxlu jurnalistin gəlməsinə təəccüblənib: “Yalnız futbolda belə ajiotajlı mətbuat konfransları təşkil olunur. Bu gün özümü Mişel Platinidən yuxarıda hiss etdim”.

Tədbirin sonunda UEG-lə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanma zamanı “Stadler Rail Group”un nümayəndəsinə hədiyyə bağışlayan Dimitropoulos yenə atmacalarından qalmayıb: “Bizdə vəziyyət pis deyil, buna görə də sizə hədiyyə verə bilərəm. Maliyyə böhranı UEG-dən yan keçdi. Gələn dəfə pulumuz daha çox olacaq”.

Qeyd edək ki, 32 ölkədən 186 gimnastın mübarizə aparacağı Avropa çempionatı mayın 17-də yekunlaşacaq.