17:49 15-05-2009
news_image
471
DİGƏR NÖVLƏR

Yığmamız Avropa çempionatında 3-cü yeri tutdu

Bu gün Heydər Əliyev İdman Konsert-Kompleksində bədii gimnastika üzrə 25-ci Avropa çempionatı başlanıb. Apasport.az saytının məlumatına görə, yarışda 32 ölkənin 186 təmsilçisi qüvvəsini sınayır. Fərdi yarışda Azərbaycanın şərəfini Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı qoruyur. Bundan başqa, yeniyetmələrdən ibarət yığmamız - Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmova da qitə birinciliyində çıxış edir.

Çempionatın ilk günündə gimnastlar fərdi proqramda bacarıqlarını nümayiş etdiriblər. Təsnifat mərhələsinin A qrupunda yer alan Azərbaycan komandasından Aliyə Qarayeva və Anna Qurbanova mübarizə aparıblar. İki il öncə Avropa çempionu olmuş Qarayeva iplə 26.200, halqa ilə 25.950 bal toplayıb. Anna isə topla 26.475, lentlə 25.850 bal yığıb.

İlk günün yekunlarına əsasən, Azərbaycan komanda hesabında 104.475 balla 3-cü pillədədir. Yığmamız yalnız Rusiya (110.650) və Ukraynadan (105.200) geri qalır. Sabah komanda hesabında qaliblər bilinəcək. Eyni zamanda, fərdi proqramda təsnifat mərhələsi başa çatacaq və ilk “səkkizlik”də qərarlaşan idmançılar finala yüksələcəklər. Yeniyetmələrdən ibarət yığmamız da sabah çıxış edəcək.

Qeyd edək ki, mayın 17-də yekunlaşacaq çempionatda 6 dəst medalın sahibləri bilinəcək.