11:35 18-05-2009
news_image
563
DİGƏR NÖVLƏR

Ruslar Bakıda qızıl medalları yığıb-yığışdırdılar

Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunmuş yarışa 32 ölkədən 186 gimnast qatılıb.

Azərbaycan yığması qitə birinciliyində 3 medal qazanıb. Aliyə Qarayeva və Anna Qurbanovanın çıxış etdiyi komandamız 2-ci yeri tutub. Fərdi yarışlarda isə Qurbanova fəxri kürsüyə yüksəlməyi bacarıb. O, topla çıxışında 27.850 bal toplayaraq, bürünc medala yiyələnib. İki il öncə Bakıda Avropa çempionu olmuş Qarayeva fərdi yarışlarda medalsız qalıb. Aliyə 4-cü (halqa və lent), 5-ci (top) və 8-ci (ip) pillədə qərarlaşıb.

Fərdi yarışların qəhrəmanı isə şübhəsiz ki, rusiyalı Yevgeniya Kanayeva olub. O, hər 4 növdə qızıl medal qazanıb. Komanda hesabında da Rusiyanın birinci yer tutduğunu nəzərə alsaq, Kanayeva Bakıdan 5 qızıl medal apardı.

Yeniyetmələrdən ibarət milli komandamız da uğurla mübarizə apardı. Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmovadan ibarət kollektiv gümüş medala yiyələndi. Bu yarışda da Rusiya yığması ilk pilləyə sahib çıxdı.

Xatırladaq ki, iki il öncə paytaxtımızda keçirilmiş analoji yarışda Aliya Qarayeva iplə ifada qızıl medal qazanmaqla bərabər, yığmamız komanda hesabında bürünc medal əldə etmişdi.