17:13 18-05-2009
news_image
1202
DİGƏR NÖVLƏR

Yelena Jemayeva Azərbaycana rəqib kimi gəlir

Azərbaycan qılıncoynatma yığmasının sabiq üzvü, ikiqat dünya çempionu Yelena Jemayeva ölkəmizə qayıdır. Bu haqda apasport.az saytına Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, Jemayeva Rusiya milli komandasının məşqçisi qismində 23-24 mayda keçiriləcək “Baku Fencing Open” beynəlxalq turnirində iştirak edəcək.

“Jemayevanın Bakıya gələcəyi dəqiqləşib. O, hazırda Rusiyanın sablyaçı qızlardan ibarət komandasını çalışdırır. Buna görə də Jemayeva yarışa iki yetirməsini də gətirəcək” - deyə Məmmədov vurğulayıb.

Azərbaycanlı yeganə olimpiya çempionu, Yelena Jemayevanın həyat yoldaşı İlqar Məmmədov isə paytaxtımıza gələ bilməyəcək. Çünki AQF-nin vitse-prezidenti Yaşar Məmmədovun oğlu olan İlqar Məmmədov mayın 22-də Cenevrədə keçiriləcək Beynəlxalq Qılıncoynatma Federasiyasının Hakimlər Kollegiyasının iclasına qatılacaq.

Qeyd edək ki, 6 il milli komandamızın şərəfini qorumuş Jemayeva 2006-cı ildə Azərbaycanı tərk edib. Bundan sonra o, bir müddət Rusiya yığmasının uğurları üçün çalışıb. Jemayeva 2004-cü il Afina Olimpiadasında Azərbaycanın adından çıxış edərək, 1/4 finalda mübarizəni dayandırıb.