11:17 19-05-2009
news_image
773
STOLÜSTÜ OYUNLAR

Kirsan İlyumjinov: Azərbaycanda olanları harada görmüsünüz!?

“Bu yaxınlarda mən Azərbaycanda oldum. Bakıda yerli şahmatçılarla yoldaşlıq görüşü keçirən dünya yığmasına rəhbərlik etdim. Azərbaycan prezidenti İlham Əliyev bu matçın başlanğıcına qədər möhtəşəm bir hədiyyə hazırladı. Belə ki, o, şahmatın inkişafı ilə bağlı Dövlət Proqramı haqda sərəncam imzaladı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri FİDE prezidenti Kirsan İlyumjinov deyib.

Dünyanın ali şahmat qurumunun başçısı Azərbaycanda şahmata göstərilən dövlət qayğısını xüsusi qeyd edib: “Həmin Dövlət Proqramında şahmat sarayının tikilməsi nəzərdə tutulub. Bizim idman növünün maliyyələşməsi isə dövlət büdcəsinə daxil edilib. Siz harada belə şey görmüsünüz!?”

İlyumjinov vurğulayıb ki, ötən il Bakıda keçirilmiş Qran-Pri turniri çox yaxşı təşkil olunub: “Az öncə keçirilən matç zamanı məndən FİFA-nın yaxın gələcəkdə hansı tədbirləri keçirməyi nəzərdə tutması ilə maraqlandılar. Orada turnirə namizədlər haqda öyrənmək istəyirdilər. Axı, onların gənc, bakılıların azarkeşlik etdiyi Teymur Rəcəbov kimi şahmatçısı var. İndi orada təklif hazırlayırlar”.

Xatırladaq ki, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi “Şahmat tacı” uğrunda görüşün Bakıda keçirilməsini istəyir.