11:40 19-05-2009
news_image
444
DİGƏR NÖVLƏR

Bakıya 11 ölkənin qılıncoynadanları gəlir

Mayın 23-də start götürəcək “Baku Fencing Open” turnirində 12 ölkənin qılıncoynadanları mübarizə aparacaqlar. Bu haqda apasport.az saytına Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, Beynəlxalq Qılıncoynatma Federasiyasının rəsmi yarışına Azərbaycanla yanaşı, Rusiya, Latviya, Estoniya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Türkiyə, İran, İraq, Moldova və Bolqarıstandan 110-dək idmançı qatılacaq. Artıq İranın qızlardan ibarət sablya yığması paytaxtımızdadır. Cənub qonşularımız milli komandamızla birgə turnirə hazırlaşır. Digər ölkələr isə bu gündən etibarən ölkəmizə gələcəklər.

Məmmədov daha bir maraqlı məqama toxunub. O, Estoniya yığmasının heyətində yer alan azərbaycanlı şpaqaçı Kənan Yusifovun da artıq Bakıya gəldiyini bildirib. Lakin Kənan “Baku Fencing Open”də Azərbaycanın yox, Estoniyanın şərəfini qoruyacaq.

“Bu, onun Estoniya komandasında sonuncu yarışı olacaq. Kənanın sənədləri demək olar, tam hazırdır və o, gələcəkdə yığmamızın heyətində çıxış edəcək” - deyə Məmmədov vurğulayıb.

Bakı İdman Sarayında baş tutacaq yarış iki gün davam edəcək. Bu, Azərbaycan qılıncoynatma tarixində ölkəmizdə təşkil olunan ilk beynəlxalq yarışdır.