15:28 19-05-2009
news_image
467
DİGƏR NÖVLƏR

Azərbaycan avarçəkənləri Avropa çempionatına Polşada hazırlaşacaqlar

Kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan milli komandası bu gün Polşanın Poznan şəhərinə yollanıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının
mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında səfərə çıxan yığmamızın tərkibində 3 kanoeçi – Valentin Demyanenko, Maksim Prokopenko və Sergey Bezuqlıy yer alıb.

Onlar əvvəlcə mayın 22-də Poznanda start götürəcək Dünya Kubokunun II mərhələsində mübarizə aparacaqlar. Üç gün davam edəcək nüfuzlu turnirdə Demyanenko 1 nəfərlik qayıqda 500 metr və 1000 metrlik məsafələrə yürüşdə qüvvəsini sınayacaq. İki nəfərlik qayıqda isə hər iki məsafəni Prokopenko – Bezuqlıy dueti qət edəcək.

Yarış başa çatdıqdan sonra avarçəkənlərimiz Polşada qalaraq, tanınmış ölkələrin yığmaları ilə birgə təlim-məşq toplanışı keçəcəklər. Toplanış 25-28 iyunda Almaniyanın Brandenburq şəhərində baş tutacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq. Kanoeçilərimiz qitə çempionatının startına 2 gün qalmış Brandenburqa yollanacaqlar. Bu yarışda da komandamız eyni tərkibdə çıxış edəcək.

Xatırladaq ki, Demyanenko ötən il məhz Poznanda keçirilmiş Dünya Kubokunun III mərhələsində 200 metr və 500 metr məsafələrə yürüşdə hamını qabaqlayaraq, 2 qızıl medal qazanmışdı. O, daha bir qızıl medala Macarıstanın Seqed şəhərində təşkil olunmuş Dünya Kubokunun I mərhələsində layiq görülmüşdü. Prokopenko-Bezuqlıy dueti isə Azərbaycan yığmasının heyətində ilk dəfə beynəlxalq yarışa qatılacaq.