19:19 21-05-2009
news_image
463
DİGƏR NÖVLƏR

Kanoeçilərimizin Dünya Kubokundakı rəqibləri

Sabah Polşanın Poznan şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 40 ölkədən 414 idmançısının mübarizə aparacağı yarışda 3 kanoeçimiz qüvvəsini sınayacaq. Bir nəfərlik qayıqda Valentin Demyanenko, 2 nəfərlik qayıqda isə Maksim Prokopenko – Sergey Bezuqlıy dueti 500 metr və 1000 metr məsafələrə yürüşdə çıxış edəcəklər.

Artıq yarışın püşkü atılıb. Demyanenko mayın 22-də keçiriləcək 500 metrlik məsafəyə yürüşün ilkin mərhələsində David Varqa (Macarıstan), Azamat Udurbayev (Qazaxıstan), İrji Heller (Çexiya), Yarel Rodriges (ABŞ), Matyö Qubel (Fransa), Lübomir Haqara (Slovakiya), Çaoxun Çu (Çin) və Şahu Naseriyə (İran) rəqib olacaq. Yürüş Bakı vaxtı ilə saat 12:50-də başlanacaq. İlk 6-cı pillənin sahibləri ilə yanaşı, bütün 4 yarımqrupda sonrakı 3 ən yaxşı nəticənin sahibləri yarımfinala vəsiqə qazanacaqlar.

Bezuqlıy – Prokopenko duetinin yarımqrupunda isə Xariton İvanov – Viktor Mixalaçi (Rumıniya), Kris Vend – Tomas Luk (Almaniya), Montalvo Karlos Qarsiya - Reyner Torres Rivo (Kuba), Kiquanq Çanq – Veyyonq Xi (Çin), Pavel Skovronski – Roman Rınkeviç (Polşa), Timofey Yemelyanov – Dmitri Sorokin (Qazaxıstan) yer alıb. Yürüş Bakı vaxtı ilə saat 13:45-də başlanacaq. Birinci pillənin sahibi birbaşa finala, 2-7-ci yerləri sahibləri isə yarımfinala vəsiqə qazanacaqlar.

Elə həmin gün Bakı vaxtı ilə saat 18:03-də Demyanenko 1000 metrlik məsafəyə yürüşün ilkin mərhələsinə qatılacaq. Onun rəqibləri Zianis Xaraja (Belarus), Tomas Simart (Fransa), Radek Mıskovski (Çexiya), Tomas Holl (Kanada), Rastislav Koxut (Slovakiya) və Şahu Naseri (İran) olacaq. 1-7-ci pillələrin sahibləri və 5 qrupda ən yaxşı nəticəni göstərəcək daha bir idmançı yarımfinala adlayacaq.

Bakı vaxtı ilə saat 19:20-də isə Bezuqlıy – Prokopenko dueti 1000 metrlik məsafəyə yürüşün ilkin mərhələsinə qatılacaq. Onun rəqibləri Timofey Yemelyanov – Dmitri Sorokin (Qazaxıstan), Kiquanq Çanq – Veyyonq Xi (Çin), Martin Egermayer – Yan Kindlmann (Çexiya), Erik Leue – Erik Lebstok (Almaniya), Endryu Russell – Qabriel Boşezn-Sevinyi (Kanada) dueti olacaq. 1-ci yeri tutacaq duet birbaşa finala, 2 - 7-ci pillələrin sahibləri isə yarımfinala vəsiqə qazanacaqlar.

Yarımfinal və final mərhələsi 23-24 mayda olacaq.