15:20 22-05-2009
news_image
516
DİGƏR NÖVLƏR

Azərbaycan kanoeçiləri Dünya Kubokunun yarımfinalda

Bu gün Polşanın Poznan şəhərində başlanan Dünya Kubokunun II mərhələsində Azərbaycan kanoeçilərinin startı uğurlu alınıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 1 nəfərlik qayıqda Valentin Demyanenko, 2 nəfərlik qayıqda isə Maksim Prokopenko – Sergey Bezuqlıy dueti 500 metr məsafəyə yürüşün ilkin mərhələsini dəf edərək, yarımfinala vəsiqə qazanıblar.

Öz yarımqrupundakı bütün rəqiblərini qabaqlayan Demyanenko birinci yeri tutub. Prokopenko – Bezuqlıy dueti isə ilkin mərhələdə ikinci olub. Onlar lider Pavel Skovronski – Roman Rınkeviç (Polşa) duetindən cəmi 0,032 saniyə geri qalıblar. Bu səbəbdən kanoeçilərimiz birbaşa finala vəsiqə qazana bilməyiblər.

Texniki nəticələr:

Məsafə: 500 metr
1 nəfərlik kanoe qayıqları (C1)


1. Valentin Demyanenko (AZƏRBAYCAN) – 1:53.126 (1 dəqiqə 53 saniyə 126 mikrosaniyə)
2. David Varqa (Macarıstan) – 1:56.518
3. Matyö Qubel (Fransa) – 1:56.690
4. Lübomir Haqara (Slovakiya) – 1:56.950
5. Çaoxun Çu (Çin) – 1:57.802
6. Şahu Naseri (İran) – 1:58.286

Reqlamentə əsasən, bu yarımqrupda bütün iştirakçılar yarımfinala vəsiqə qazanıblar. Növbəti mərhələdə yürüşlər sabah Bakı vaxtı ilə saat 12:25, 12:30 və 12:35-də olacaq. 3 yarımqrupun hər birində ilk 3 yeri tutanlar əsas finala (final A) vəsiqə qazanacaqlar.

2 nəfərlik kanoe qayıqları (C2)

1. Pavel Skovronski – Roman Rınkeviç (Polşa) – 1:41.174 (1 dəqiqə 41 saniyə 174 mikrosaniyə)
2. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) – 1:41.206
3. Xariton İvanov – Viktor Mixalaçi (Rumıniya) – 1:43.246
4. Sergey Torres Madriqal – Farinas Xose Bulnes (Kuba) – 1:43.310
5. Kris Vend – Erik Rebstok (Almaniya) – 1:48.186
6. Kiquanq Çanq – Veyyonq Xi (Çin) – 1:54.206.

Reqlamentə əsasən, bu yarımqrupda birinci yerin sahibi birbaşa finala, növbəti pillələri tutanlar isə yarımfinala adlayıblar. Növbəti mərhələdə yürüşlər sabah Bakı vaxtı ilə saat 13:15 və 13:20-də olacaq. 2 yarımqrupun hər birində ilk 3 yeri tutanlar finala yüksələcəklər.

Kanoeçilərimiz bu gün həm də 1000 metrlik məsafəyə yürüşlərin ilkin mərhələsində qüvvələrini sınayacaqlar. Bakı vaxtı ilə saat 17:42-də start xəttinə çıxacaq Demyanenkonun rəqibləri Xesus Nivalter Dos Santos (Braziliya), Tomas Luk (Almaniya), David Varqa (Macarıstan), Andres Lazo (Ekvador), Prjemislav Kaçmarek (Polşa), Zianis Xaraja (Belarus) və Vadim Menkov (Özbəkistan) olacaq. 1-6-cı pillələrin sahibləri və 4 qrupda ən yaxşı nəticəni göstərəcək daha 3 idmançı yarımfinala adlayacaq.

Bakı vaxtı ilə saat 19:06-də isə Bezuqlıy – Prokopenko dueti mübarizəyə qatılacaq. Onların rəqibləri Dmirti Rabçanka – Aleksandr Voçetski (Belarus), Xariton İvanov – Viktor Mixalaçi (Rumıniya), Kris Vend – Erik Lebstok (Almaniya), Tomaş Kaçor – Martsin Qrjibovski (Polşa), Endryu Russell – Qabriel Boşezn-Sevinyi (Kanada), Bertrand Hemonik – Vilyam Tşamba (Fransa), Sergey Torres Madriqal –Xose Bulnes Farinas (Kuba), Kiquanq Çanq – Veyyonq Xi (Çin) dueti olacaq. 1 – 3-cü yerlərin sahibləri birbaşa finala, 4 – 7-ci pillələri tutanlar və 2 yarımqrupda ən yaxşı nəticə göstərəcək 1 idmançı isə yarımfinala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, 40 ölkədən 414 idmançının mübarizə apardığı yarışa mayın 24-də yekun vurulacaq.