14:33 23-05-2009
news_image
677
DİGƏR NÖVLƏR

Dəvəçidə multi idman növləri üzrə yarış

Azərbaycanın Hava və Ekstremal İdman Növləri Federasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə multi idman növləri üzrə yarış keçirilir. Apasport.az saytının məlumatına görə, Dəvəçi rayonunda təşkil olunan turnirə 60-dan çox idmançı qatılıb.

Bu gün səhər Qala-altı sanatoriyasından yürüşə başlayan iştirakçılar Nohurgöl kəndi yaxınlığındakı Qaragöl gölünə qədər dağlıq ərazi ilə hərəkət edəcəklər. Turnirə sabah yekun vurulacaq.

Federasiyasının vitse-prezidenti Sərvan Rəsulovun sözlərinə görə, 7 klub və 9 komandanı təmsil edən idmançılar 3 növdə qüvvələrini sınayır. Avtomobil və velosiped yarışlarının hər birində 5 iddiaçı mübarizə aparır. Qalan iştirakçılar isə məsafəni piyada qət etməlidirlər.

İdmançılar Qaragöl gölünü qayıqlarla keçdikdən sonra finişə çatacaqlar. Məhz bundan sonra federasiya rəhbərliyi qalibləri qiymətli hədiyyələrlə mükafatlandıracaq.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur.