21:35 24-05-2009
news_image
512
DİGƏR NÖVLƏR

Qılıncoynadanlarımız “Baku Fencing Open” turnirində 7 medal qazandılar

Azərbaycanda ilk dəfə keçirilən qılıncoynatma üzrə beynəlxalq turnir başa çatıb. Söhbət Bakı İdman Sarayında təşkil olunmuş “Baku Fencing Open” yarışından gedir. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan, Rusiya, Latviya, Estoniya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Türkiyə, İran, İraq, Moldova və Bolqarıstanın 120-ə yaxın idmançısı qüvvəsini sınayıb.

Kişilər və qadınlar arasında sablya, eləcə də şpaqa növündə keçirilmiş “Baku Fencing Open”də həmyerlilərimiz ümumilikdə 7 medal qazanıblar. Qadın sablyaçıların mübarizəsində Sabina Mikina fəxri kürsünün birinci, Aidə Ələsgərova ikinci, Sevil Bünyadova isə üçüncü pilləsinə yüksəlib. Bu növdəki turnir Beynəlxalq Qılıncoynatma Federasiyasının təqvim-planına salındığından daha vacib əhəmiyyət daşıyırdı.

Sablyaçı oğlanların yarışında da azərbaycanlı qılıncoynadanlar qızıl, gümüş və bürünc medallara yiyələniblər. Bu medallara müvafiq olaraq, Ramin Əmirov, Azər Tağıyev və Cəlil Ələsgərov sahib çıxıb.

Şpaqa növündə isə Afiz Quliyev bürünc medal qazanıb.