18:00 25-05-2009
news_image
460
DİGƏR NÖVLƏR

Avarçəkənlərimiz “Kölner Junioren-Regatta 2009”da daha bir medal qazandılar - FOTO

Almaniyanın Köln şəhərində keçirilən yeniyetmələr arasında akademik avarçəkmə üzrə “Kölner Junioren-Regatta 2009” adlı beynəlxalq turnir yekunlaşıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən aparpot.az saytına verilən məlumata görə, ölkəmizi təmsil edən Teymur Kutseba – Aleksandr Qlotov dueti ikinci yarış günündə daha bir medal qazanıb. 2 nəfərlik təkavarlı qayıqda qüvvələrin sınayana 17 yaşlı avarçəkənlərimiz 23 iştirakçı arasında bürünc medala yiyələniblər. Avarçəkənlərimiz 2000 metr məsafəni 6 dəqiqə 52 saniyəyə (6:52.00) qət ediblər.

Kutseba – Qlotov dueti ilk yarış günündə 2000 metrlik məsafəni 7:20.65 dəqiqəyə qət edərək, qızıl medal qazanmışdı. İkinci yarış günündə 3-cü yeri tutmasına baxmayaraq, perspektivli avarçəkənlərimiz eyni məsafəni daha qısa müddətdə qət ediblər.

Qeyd edək ki, mayın əvvəllərindən milli komandamızın baş məşqçisi Rudiger Hauffenin rəhbərliyi altında Almaniyada təlim-məşq toplantısında olan akademik avarçəkənlərimiz bundan öncə “DRV - International Junior Regatta” turnirində mübarizə aparıblar. Kutseba – Qlotov dueti Avropanın müxtəlif ölkələrinin təmsilçiləri ilə yarışda iki dəfə finalda çıxış ediblər. Onlar birinci halda 6-cı yeri tutublar, ikinci halda isə bürünc medala layiq görülüblər. Kölndə isə avarçəkənlərimiz bir qızıl, bir bürünc medala layiq görülüblər. Bu isə təlim-məşq toplantısının get-gedə müsbət nəticələrindən xəbər verir.

Kutseba – Qlotov duetinin növbəti sınağı 5-7 iyunda Hamburq şəhərində olacaq. Akademik avarçəkənlərimizin Almaniyadakı uzunmüddətli təlim-məşq toplanışı və beynəlxalq turnirlərdə iştirakı onların 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına yaxşı hazırlaşmaları üçün təşkil olunub. Həmin dünya çempionatı 5-8 avqustda Fransanın Briv la Qayard şəhərində keçiriləcək.