11:12 27-05-2009
news_image
512
DİGƏR NÖVLƏR

Peşəkar idmançımızdan həvəskar nəticə

İtaliyanın Milan şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, yarışa qatılan Azərbaycanın 3 idmançısından ikisi çıxışını bitirib. Yığmamızın oynayan-məşqçisi İradə Aşumova və Nigar Bağırova üçün Dünya Kuboku arzuolunmaz sonluqla nəticələnib.

Məsələ burasındadır ki, 25 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açmada Aşumova təsnifat mərhələsinə buraxılmayıb. Buna həmvətənimizin Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) qaydasını pozması səbəb olub. Nigar Bağırova isə rüsvayçı nəticə göstərib. O, 529 xalla (95+93+91+65+94+91) 66 nəfər arasında 63-cü yeri tutub. Xüsusilə, cəhdlərin birində 100 mümkün xaldan 65-ni toplaması Nigarı rüsvay edib. Çünki belə zəif nəticəyə əksər hallarda həvəskar atıcılar arasında da rast gəlinmir.

Dünya Kubokundakı üçüncü təmsilçimiz, Aşumovanın oğlu Ruslan Lunyov isə bu gün həm 25 metrlik məsafədən sürətli atəş açma, həm də 50 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açma yarışında qüvvəsini sınayacaq.