17:16 29-05-2009
news_image
663
DİGƏR NÖVLƏR

7 oğul istərəm

İyunun 5-də start götürəcək akademik avarçəkmə üzrə beynəlxalq “Böyük Moskva reqatası”nda çıxış edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın paytaxtı Moskvada keçiriləcək yarışda 7 avarçəkənimiz mübarizə aparacaq.

Cavid Əfəndiyev - Toğrul Qurbanzadə - Aleksandr Jdanov - Kamal Məmmədov kvarteti 4 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqda mübarizə aparacaqlar. Bundan başqa, həm Əfəndiyev - Məmmədov, həm də Qurbanzadə - Jdanov duetləri 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqlarda çıxış edəcəklər. Turqay Məmmədov – Mirzağa Eyvazov dueti 2 nəfərlik qoşa avarlı ağır çəkili qayıqlarda yarışacaq. Onların hər ikisinin ayrı-ayrılıqda 1 nəfərlik ağır çəkili qayıqlarda da çıxışları nəzərdə tutulub. Eyni zamanda, Kamran Yusubov da 1 nəfərlik ağır çəkili qayıqda qüvvəsini sınayacaq.

İdmançılarımızı üç gün davam edəcək yarışa yığmamızın məşqçiləri Samir Məmmədovla İlqar Ağalarov aparacaq. Nümayəndə heyətinə isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi əvəzi Sərdar Mirzəyev rəhbərlik edəcək. Onlar iyunun 3-də Rusiya paytaxtına yollanacaqlar.

Avarçəkənlərimiz beynəlxalq turnirdə öz qayıqları ilə çıxış edəcəklər. Bu məqsədlə xüsusi ayrılmış maşın mayın 30-da millimizin digər məşqçisi Aleksandr Barabanovun nəzarəti altında Moskvaya qayıqları aparacaq.