10:53 03-06-2009
news_image
1343
DİGƏR NÖVLƏR

Azərbaycanlı idmançını öldürən şəxsə hökm oxundu

Rusiyanın Krasnoyarsk vilayətinin Yemelyanov rayon məhkəməsi qaydasız döyüş üzrə Rusiya çempionu, azərbaycanlı Zakir Lələşovun qatilinə hökm oxuyub. Apasport.az saytının lent.az-a istinadən xəbərinə görə, Yemelyanov rayon Prokurorluğun İstintaq Komissiyasının İstintaq İdarəsindən bildiriblər ki, cinayəti N.Səmədov adlı şəxsin törətdiyi müəyyənləşdirilib.

Səmədova cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilib.

Xatırladaq ki, 2008-ci il dekabrın 10-da yerli sakinlər Zeledeyeva stansiyasındakı Zelyonaya küçəsində yolun kənarında başından aldığı odlu silah yarasından ölən kişi meyiti tapıblar. İstintaqın gedişində qətlə yetirilən şəxsin pankration üzrə Rusiya çempionu Zakir Lələşov olduğu müəyyənləşdirilib. Faktla əlaqədar istintaq işi başlanılıb. Hadisədən bir ay sonra cinayəti törətməkdə şübhəli bilinən şəxsin özü milis idarəsinə gələrək, günahını etiraf edib.

Lələşov 21 aprel 1985-ci ildə Bakıda anadan olub. Krasnoyarsk vilayətinin Açinsk şəhərində yaşayan həmyerlimiz əlbəyaxa döyüş və sərbəst güləş üzrə idman ustası, 2008-ci ildə isə peşəkar pankration üzrə Rusiya çempionu olub.