15:20 04-06-2009
news_image
624
DİGƏR NÖVLƏR

Azərbaycan yığmasında yenə almaniyalı baş məşqçi

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəhbərliyi kanoe və akademik avarçəkmədən sonra kayak növünü inkişaf etdirmək qərarına gəlib. Federasiyanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu məqsədlə kayak üzrə yeniyetmə və gənclərdən ibarət yığmalarımıza yeni baş məşqçi təyin olunub. AMAF rəhbərliyi almaniyalı Yohan Tsülke ilə müqavilə bağlayıb.

Əvvəllər Almaniya, İran və Çində çalışmış Tsülke bundan sonra 18 yaşadək (U-18) və 23 yaşadək (U-23) kayakçılarımızın hazırlığına nəzarət edəcək. Bu təyinatın ardından ukraynalı Vasili Kovbanovski yalnız kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığmalarımızı çalışdıracaq. Kayak və kanoe üzrə böyüklərdən ibarət milli komandamızın baş məşqçisi isə əvvəlki kimi, digər ukraynalı mütəxəssis Aleksandr Kolıbelnikovdur. Tsülke kayak, Kovbanovski isə kanoe üzrə onun köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, akademik avarçəkmə üzrə milli komandamızın baş məşqçisi Rüdiger Hauffe də almaniyalıdır. Onun köməkçiləri isə Samir Məmmədovla Aleksandr Barabanovdur.