14:29 05-06-2009
news_image
475
DİGƏR NÖVLƏR

İcraiyyə Komitəsinin yeni üzvləri

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) V konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, konfransda yeni nizamnamə qəbul olunub. Daha sonra İcraiyyə Komitəsinə (İK) yeni üzvlər seçilib. Nəticədə İK üzvlərinin sayı 6-dan 7-yə artırılıb.

Yeni nizamnaməyə əsasən, AQF-nin prezidenti Nazim İbrahimov, vitse-prezidentlər Valeh Hacıyev və Yaşar Məmmədov, eləcə də baş katib Ramin Məmmədov avtomatik olaraq, İK-nın üzvü olub. Bundan başqa, “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin direktoru Sadıq Sadıqov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülviyyə Hacıyeva və qılıncoynatma yığmasının baş məşqçisi Tahir Həkimov da komitəyə üzv seçilib.

Artıq İK-nın yeni tərkibdə ilk iclası da keçirilib. İclasda Hakimlər Komissiyası, Uşaq-Gənclər İdman Məktəbinin İnkişafı Komissiyası və Nizam-İntizam Komissiyası yaradılıb. İK-nın üzvlərinin 6-dan 7-yə artırılması isə zərurətdən doğub. Bu yolla AQF rəhbərliyi müəyyən məsələlərin müzakirəsi zamanı bərabər səslərin qeydə alınmasının qarşısı alınacaq.

Yeni nizamnamə yaxın günlərdə qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə göndəriləcək.