15:51 05-06-2009
news_image
594
DİGƏR NÖVLƏR

“İstəsə, Yelena Jemayevanın yığmamıza cəlb olunması məsələsinə baxa bilərik”

“Vaxtilə milli komandamızın şərəfini qorumuş Yelena Jemayeva ilə danışıqlar arapmağımız barədə yayılan məlumatlar həqiqətəuyğun deyil. Çünki ona Rusiyada mötəbər bir vəzifə - gənclərdən ibarət yığmanın baş məşqçisi postu həvalə olunub. Əgər Yemayeva özü istəsə, federasiyamızın rəhbərliyi onun milli komandaya məşqçi qismində cəlb olunması məsələsinə baxa bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

Məmmədov bildirib ki, xaricdə çalışan azərbaycanlı məşqçilərin ölkəyə qaytarılması istiqamətində iş aparılır. Ancaq bunu Jemayevaya aid etmək olmaz: “Artıq federasiyada işləyən məşqçilərin sayı 9-dan 22-ə artırılıb. Honq-Konqda fəaliyyət göstərən Tahir Həkimovu Azərbaycana dəvət etmişik. Hazırda o, milli komandamızın baş məşqçisidir. Eyni zamanda, bir neçə xarici ölkədə çalışmış Oqtay Şahmuradov da artıq ölkəmizdədir. O, tezliklə müvafiq işlə təmin olunacaq”.

İyulda Bolqarıstanda təşkil olunacaq böyüklərin Avropa çempionatına yollanacaq heyətin tərkibi isə 10 gündən sonra müəyyənləşəcək: “İyunun 14-15-də Bakı birinciliyi keçirəcəyik. Həmin yarışda əsas məqsəd qitə çempionatına aparılacaq heyət üzvlərini seçməkdir. Özü də biz yığmamızı çempionatın startından 10 gün əvvəl Bolqarıstana göndərmək və orada Ukrayna, yaxud yerli komanda ilə birgə təlim-məşq toplanışı keçirmək istəyirik”

Mətbuat konfransında baş katib ötən ay ölkəmizdə ilk dəfə keçirilmiş “Baku Fencing Open” beynəlxalq turnirinin yekunlarına da toxunub: “Mayın 25-də Beynəlxalq Qılıncoynatma Federasiyasının İcraiyyə Komitəsinin Lozannadakı iclasında həmin ərəfədə keçirilmiş turnirlərin analizi aparılıb. Tədbirdə “Baku Fencing Open” turnirinin təşkilatçılığı yüksək qiymətləndirilib”.

Həmçinin, Məmmədov Bakının 2010-cu ildə yeniyetmələr və gənclər arasında dünya, 2012-ci ildə isə böyüklər arasında Avropa çempionatına ev sahibliyi etmək şansının çox olduğunu vurğulayıb.