16:55 12-06-2009
news_image
639
DİGƏR NÖVLƏR

“Azərbaycanda qalıb-qalmayacağım bu yarışların nəticələrinə əsasən müəyyənləşəcək”

Almaniyalı mütəxəssis Yohan Tsülke kayak üzrə yeniyetmə (U-18) və gənclərdən (U-23) ibarət Azərbaycan mili komandasının baş məşqçisi kimi fəaliyyətə başlayıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, artıq 3 həftədir ölkəmizdə olan Tsülke hazırda Mingəçevir şəhərində perspektivli kanoeçilərimizin hazırlığı ilə məşğuldur.

Sentyabrın 22-də 58 yaşı tamamlanacaq baş məşqçi AMAF-ın rəsmi İnternet saytına açıqlamasında indiyə qədərki fəaliyyəti haqda danışıb: “Mən uzun müddət Almaniyanın yığmasında və klublarında məşqçi çalışmışam. Son illərdə isə eyni işi İranda və Çində görmüşəm. Artıq Azərbaycandayam və burada çalışmaqdan məmnunam”.

Tsülke bildirib ki, əsas məqsəd kayakçılarımızı qarşıdakı 3 mötəbər yarışa hazırlamaqdan ibarətdir. İlk yarış 25-28 iyunda Almaniyanın Brandenburq şəhərində təşkil ediləcək kayak və kanoe üzrə böyüklər arasında Avropa çempionatıdır. Qitə çempionatında kanoeçilərimizdən Valentin Demyanenko 1 nəfərlik, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Çempionatda ölkəmiz kayak növündə də təmsil olunacaq. Almaniyaya Ramil Məmmədov yollanacaq.

İyulun 16-19-da isə yeniyetmə və gənclərdən ibarət milli komandamız kayak və kanoe üzrə Avropa çempionatına qatılacaq. Nəhayət, kayak və kanoeçilərimiz 31 iyul-2 avqustda Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar. Bu yarış 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Hələlik baş məşqçi yeniyetmə və gənc kayakçılarımız arasından Polşa və Rusiyaya yollanmağa daha layiqlisini müəyyənləşdirməyib: “Namizədləri müəyyənləşdirmişik. Onlar səylə məşğul olurlar. Amma konkret hansı idmançıların gedəcəyi yoxlama xarakterli yürüşdən sonra müəyyənləşəcək”.

Qarşıdakı yarışlarda kayakçılarımızın 9 idmançının mübarizə apardığı final mərhələsinə düşəcəyinə ümid etdiyini deyən Tsülke gələcək taleyinə məhz Avropa və dünya çempionatlarından sonra aydınlıq gələcəyini bildirib: “Vaxtımız az, görüləsi işlərimiz isə çoxdur. Ona görə də kayakçıların Azərbaycanı layiqincə təmsil etmələri üçün bütün imkanlarımızı səfərbər etmişik. Ümid edirik ki, əziyyətimiz hədər getməyəcək. Həm də bu yarışların nəticələrinə əsasən, mənim Azərbaycan yığmasnda qalıb-qalmayacağım müəyyənləşəcək”.