16:25 16-06-2009
news_image
682
STOLÜSTÜ OYUNLAR

Azərbaycanlı şahmatçı Avropa çempionu oldu

Gürcüstanın Batumi şəhərində 8 yaşadək şahmatçılar arasında təşkil olunan Avropa çempionatında Azərbaycan yığması 2 medal qazanıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, qitə birinciliyində ən yaxşı nəticəni Abdulla Qədimbəyli göstərib. O, 7,5 xalla bütün rəqiblərini qabaqlayaraq, qızıl medala layiq görülüb. Bundan yarım xal geri qalan Vüqar Əsədli isə ikinci yeri tutub.

Baş məşqçi Xanlar Allahverdiyevin digər yetirmələri isə əliboş qalıblar. Murad Rzayev 5,5 xalla 7-ci, 5 xal toplamış Nicat Pənahov və Babək Cəfərli 14-15-ci, Aslan Sadıxlı 17-ci, Kənan Qarayev isə 4 xalla 20-ci pillədə qərarlaşıb. Oğlanların yarışında 33 zəka sahibi qüvvəsini sınayıb.

Qızların mübarizəsində isə 24 şahmatçı çıxış edib. İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət çempionatın finişində təmsilçilərimizdən ən yüksək göstərici Xanım Balacayevaya məxsus olub. O, yekunda aktivinə 6 xal yazaraq, 4-cü sıranı tutub. Ülkər Həsənzadə 5 xalla 9-cu, Nigar Mustafazadə isə 4,5 xalla 11-ci yerlə kifayətlənib.