17:07 17-06-2009
news_image
453
DİGƏR NÖVLƏR

Avropa çempionatına yollanan avarçəkənlərimiz

İyunun 25-də Almaniyanın Brandenburq şəhərində start götürəcək böyüklər arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının
mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu nüfuzlu yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.

Kanoeçilərin mübarizəsində Valentin Demyanenko 1 nəfərlik (C1), Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqda (C2) çıxış edəcəklər. Demyanenko 200 metr və 500 metr, Bezuqlıy - Prokopenko cütlüyü isə 500 metr və 1000 metr məsafələrə yürüşlərə qatılacaq. Hazırda kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında Polşada təlim-məşq toplantısında olan kanoeçilərimiz iyunun 23-də Brandenburqa yollanacaqlar.

Kayakçıların mübarizəsində isə yalnız Ramil Məmmədov qüvvəsini sınayacaq. O, 1 nəfərlik qayıqda (K1) 500 metr və 1000 metrlik məsafələrə yürüş edəcək. Məmmədov qitə çempionatına kayak üzrə yeniyetmə və gənclərdən ibarət yığmamızın almaniyalı baş məşqçisi Yohan Tsülkenin rəhbərliyi altında Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində hazırlaşıb. Kayakçımız iyunun 18-ə keçən gecə Almaniyaya yola düşəcək. Onunla birgə Brandenburqa kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığmamızın baş məşqçisi Vasili Kovbanovski və milli komandamızın həkimi Lüdmila Quliyeva da gedəcək.

Avropa çempionatına iyunun 28-də yekun vurulacaq.