14:01 19-06-2009
news_image
717
DİGƏR NÖVLƏR

Dünyanın ən çox qazanan idmançıları

ABŞ-ın “Forbes” jurnalı son bir ilin yekunlarına əsasən, dünyanın ən yüksək ödənişli idmançılarının adlarını açıqlayıb. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, amerikalı qolfçu Tayger Vuds ardıcıl 8-ci dəfə siyahıda birinci olub.

O, son 12 ay ərzində 110 milyon dollar qazanıb. Reytinq siyahısında qazanc mənbələri kimi idmançının il ərzində bütün gəlirləri, o cümlədən, əmək haqqı, mükafatlar, reklam müqavilələrindən daxilolmalar, televiziya-kino çəkilişləri və bu kimi gəlirlər nəzərə alınır. Ötən mövsüm dizindəki zədə üzündən Vuds 8 ay yarışlara qatılmayıb. Bu isə qolfçuya verilən pul mükafatlarının 25 milyon dollardan 5 milyona qədər aşağı düşməsinə səbəb olub. İdmançının sponsorlarından biri isə vaxtından bir il öncə onunla müqaviləsini pozub. Lakin reklam müqavilələri və qolf meydançalarının inşası ona birbaşa idmançı fəaliyyətindən də artıq qazanc gətirir. 2008-ci ilin iyunundan 2009-cu ilin iyununadək Vudsun gəliri ən yaxın izləyicilərindən 2,5 dəfə çox olub.

2-4-cü yerləri hərəyə 45 milyon dollarla basketbolçular Kobi Brayantla Maykl Cordan və “Formula-1” pilotu Kimi Raykonnen bölüşdürüblər. 42 milyon dollar qazanca malik futbolçu Devid Bekhem isə 5-ci yerlə kifayətlənib. 6-8-cı yerləri də 3 idmançı – basketbolçu Lebron Ceyms, qolfçu Fil Mikelson və boksçu Menni Pakyao bölüşdürüblər. Onlar hərəyə 40 milyon dollar gəlir götürüblər. 9-cu yeri motosiklet idmanının nümayəndəsi Valentino Rossi (35 milyon dollar), 10-cu pilləni isə NASCAR seriyasından avtomobil yürüşlərinə qatılan Deyl Ernhardt (34 milyon dollar) tutub.