16:00 19-06-2009
news_image
2218
DİGƏR NÖVLƏR

Şarapovaya zəng vur, paltarını parıldat

Məşhur rusiyalı tennisçi Mariya Şarapova üçün qəribə paltar hazırlanıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı gözəlçə jurnalistlərə “Bluetooth”la tikilən paltarını təqdim edib. Bu geyim onun sahibinə zəng gələndə parıldayır.

Şarapovanın qısa qollu ağ rəngli yay paltarı çiyindən bel nahiyəsinə qədər yarı şəffaf pulcuqlardan hazırlanan applikasiya ilə bəzədilib. Məhz bu pulcuqlar zəng gələndə işə düşür.

Bu, yüksək texnologiyalı paltarı britaniyalı tələbə-modelyer Corci Devis hazırlayıb. Onun sözlərinə görə, belə paltar zənglər çətin eşidilən yerlərdə, məsələn barda çox faydalıdır. Devis bu paltarı “Sony Ericsson”un təşkilatçılığı ilə keçirilən müsabiqə üçün tikib.

Şarapova məhz İsveç-Yaponiya birgə təşkilatı olan “Sony Ericsson”un siması sayılır. O, ötən ilin əvvəlində bu şirkətlə 4 illik müqavilə imzalayıb. Buna qədər Şarapova “Motorola” şirkətini təmsil edirdi.