09:50 20-06-2009
news_image
544
DİGƏR NÖVLƏR

Avarçəkənlərimiz reytinq cədvəlində! - FOTO

Beynəlxalq Kanoe Federasiyası (İCF) 8-10 mayda Çexiyanın Raşitse, 22-24 mayda Polşanın Poznan və 5-7 iyunda Macarıstanın Seqed şəhərlərində keçirilmiş Kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kybokunun mərhələ yarışlarında göstərilən nəticələrə əsasən, yekun reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıya yalnız Poznanda çıxış etmiş Azərbaycan kanoeçiləri də salınıblar.

Dünya Kubokunun II mərhələsində 2 nəfərlik qayıqda 1000 metrlik məsafəni gümüş, 500 metrlik məsafəni isə gümüş medalla başa vuran Sergey Bezuqlıy – Maksim Prokopenko dueti üst-üstə 22 xal (12 xal + 10 xal) qazanıb. Bununla da azərbaycanlı duet bu kateqoriyada 3 mərhələdə xal qazanmış 17 cütlük arasında Özbəkistan təmsilçiləri ilə birgə 8-ci yeri bölüşdürüb. Lakin özbəkistanlı kanoeçilər bu qədər xalı 4 nəfərlik və 2 nəfərlik qayıqlarda Dünya Kubokunun ilk 2 mərhələsinin cəmində əldə ediblər.

1 nəfərlik qayıqda 500 metr məsafəyə yürüşdə gümüş medal qazanan Valentin Demyanenko isə aktivinə 16 xal yazıb. Bu göstərici ilə Demyanenko 1 nəfərlik qayıqda xal qazanan 29 kanoeçi arasında 11-ci yeri tutub.

Xatırladaq ki, Valentin Demyanenko ötən il Dünya Kubokunun hər üç mərhələsində çıxış etmişdi. Həmin yarışlarda ümumilikdə 3 qızıl medal qazanan Demyanenko 32 xal toplayaraq, dünya kanoeçiləri arasında 5-ci, Avropada 3-cü, keçmiş SSRİ miqyasında isə 1-ci yeri tutmuşdu.

Mənbə: amaf.az