13:40 22-06-2009
news_image
627
DİGƏR NÖVLƏR

Həbəşlər bizə 6 qızıl və 2 gümüş medal qazandırdılar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən atletika üzrə komandalararası Avropa çempionatının 3-cü liqa yarışları başa çatıb. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, çempionatda ölkəmizin şərəfini 39 atlet qoruyub.

İkigünlük mübarizənin sonunda idmançılarımız 8 qızıl və 2 gümüş medal qazanıblar. Ramil Quliyev 100 metrlik məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. Daha sonra o, komanda yoldaşları ilə birgə 4x100 m estafet yarışında da birinci yeri tutub.

Qalan medalları isə yığmamıza həbəşistanlı legionerlər qazandırıb. Belə ki, Mare İbrahimova 3000 və 5000 metr, Layes Abdullayeva maneələrlə 3000 metr, Hayle İbrahimov 1500 və 3000 metr, Qezasin Səfərov isə 1500 metr məsafələrə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Üstəlik, Layes Abdullayeva (800 m) və Tilahun Əliyev (5000 m) gümüş medala sahib çıxıb.

Beləliklə, fevralda “milliləşdirilmiş” hər 5 həbəş atlet debüt turnirində medallara layiq görülüblər.

Avropa çempionatında Azərbaycan 327,5 xalla 13 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Həbəşistandan olan idmançıların əsl adları Hayle Desta Haqos (Hayle İbrahimov), Senbete Tilahum Vorku (Tilahun Əliyev), Abelav Layes Tiqe (Layes Abdullayeva), Qemaqa Qezasin Hunduma (Qezasin Səfərova) və Xurssa Mare Dibabadır (Mare İbrahimova).