10:57 07-07-2009
news_image
521
DİGƏR NÖVLƏR

Yığmamızın baş məşqçisi xəstəlik ucbatından Avropa çempionatına gedə bilməyəcək

İyulun 14-də Çexiyanın Osyek şəhərində güllə və stend atıcılığı üzrə Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, qarşıdakı yarışda Azərbaycanın idman şərəfini 6 atıcı qoruyacaq.

Güllə atıcılığı yarışında milli komandamızın oynayan-məşqçisi İradə Aşumova və onun oğlu Ruslan Lunyov qüvvəsini sınayacaq. Onlar ayın 11-də səfərə yollanacaqlar.

Stend atıcılığında isə mübarizə bir qədər gec, iyulun 24-də başlanacaq. Bunu nəzərə alan Emin Cəfərov, Nurlanə Cəfərova, Regina Meftahəddinova və Elvin İsmayılov Çexiyaya iyulun 16-də gedəcəklər. Qitə çempionatı iyulun 26-da yekunlaşacaq.

Onu da bildirək ki, stend atıcılığı üzrə yığmamızın baş məşqçisi Hafiz Cəfərov səhhətində yaranan problem ucbatından Avropa çempionatına yollana bilməyəcək. Cəfərov hazırda müalicə olunur.