18:25 08-07-2009
news_image
603
DİGƏR NÖVLƏR

Alman məşqçi yığmamızın heyətini açıqladı

Kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli komandası almaniyalı baş məşqçi Yohan Tsülkenin rəhbərliyi altında Polşadakı Lazinki gölündə təlim-məşq toplantısını davam etdirir. Apasport.az saytının məlumatına görə, toplanışa 3 kayakçımız – Rüfət Vəlizadə, Mirnazim Cavadov və Ramil Məmmədov, eləcə də kanoeçimiz Andrey Kraytor qatılıb.

Onlar iki nüfuzlu yarışda çıxış edəcəklər. 16 – 19 iyulda Polşanın Poznan şəhərində keçiriləcək yeniyetmə və gənclər arasında Avropa birinciliyində Ramil Məmmədov mübarizə aparacaq. 20 yaşlı kayakçımız artıq 25 – 28 iyunda Almaniyanın Brandenburq şəhərində baş tutan böyüklər arasında Avropa çempionatında yarışıb. O, 200 metr və 500 metr məsafələrə yürüşdə seçmə mərhələni sonuncu pillədə başa vuraraq, növbəti mərhələyə vəsiqə qazana bilməyib. Brandenburqdan birbaşa Polşaya yollanan Məmmədov kanoeçi və kayakçılarımızın hazırlıq prosesinə qoşulub.

31 iyul – 2 avqustda isə Rusiyanın paytaxtı Moskvada kayak və kanoe üzrə yeniyetmələr arasında dünya birinciliyi təşkil ediləcək. Bu yarış 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Qonşu ölkəyə Andrey Kraytor, Rüfət Vəlizadə və Mirnazim Cavadov yollanacaqlar.

Onlar da dünya birinciliyi öncəsi beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Kanoeçi və kayakçılarımız Polşanın Bidqoş şəhərində keçirilmiş “Mayor City Bydgoszcz Cup” reqatasına qatılıblar. 1000 metrlik məsafəyə yürüşdə kayakçımız Rüfət Vəlizadə 1 nəfərlik, Rüfət Vəlizadə - Mirnazim Cavadov dueti 2 nəfərlik, eləcə də kanoeçimiz Andrey Kraytor 1 nəfərlik qayıqda 8-ci yeri tutublar. 500 metrlik məsafəyə yürüşdə 1 nəfərlik kanoe qayığı ilə çıxış edən Kraytor 5-ci olub. Həm Cavadov, həm də Vəlizadə isə 1 nəfərlik kayak qayığında yenə 8-ci yerlə kifayətləniblər.

amaf.az