16:32 09-07-2009
news_image
579
DİGƏR NÖVLƏR

Universiadada daha iki idmançımız mübarizəni dayandırdı – YENİLƏNİB

Serbiyanın paytaxtı Belqradda keçirilən 25-ci Yay Universiadası davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan yığmasının sonuncu 3 üzvü – Leyla Paşayeva (üçtəkanla uzunluğa tullanma), Ramil Quliyev (200 m məsafəyə qaçış) və Sərxan Əhmədov (cüdo, 66 kq) qüvvəsini sınayıb.

Təəssüf ki, Paşayeva uğursuzluqla üzləşib. O, təsnifat mərhələsində 11,73 m nəticə göstərərək, 11 idmançı arasında 10-cu yeri tutub. Leylanın final mərhələsinə adlaması üçün 1,25 m çatmayıb. Nəticədə xanım atletimiz yarışla erkən vidalaşıb.

Ramil Quliyev 200 m məsafəyə qaçışın ilkin təsnifat mərhələsində uğurla çıxış edib. 19 yaşlı idmançı bu məsafəni 21,68 saniyəyə qət edərək, ikinci mərhələyə adlayıb.

Cüdoçu Sərxan Əhmədova gəlincə, universiada onun üçün uğursuz alınıb. Həmvətənimiz 1/16 finalda hollandiyalı Yasper De Yonqa uduzub. Sərxan təsəlliverici mərhələyə də qatıla bilməyib. Çünki De Yonq növbəti görüşdə məğlubiyyət acısı dadıb və bürünc medal uğrunda mübarizəyə məhz özü qoşulub.

Xatırladaq ki, universiadaya qatılan 16 idmançımızdan yalnız biri, cüdoçu Ramin Qurbanov fəxri kürsüyə yüksəlib. O, ölkəmizə qızıl medal qazandırıb.