14:32 13-07-2009
news_image
560
DİGƏR NÖVLƏR

İdmançımız yamaykalı sprinter Useyn Boltdan 0,11 saniyə geri qaldı

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) Serbiyanın paytaxtı Belqradda başa çatan Yay Universiadasında Azərbaycana iki qızıl medaldan birini qazandıran Ramil Quliyevin çıxışına xüsusi diqqət ayırıb. Lent.az-ın İAAF-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 200 metr məsafəni 20,04 saniyəyə qət edən 19 yaşlı atletimiz yaxın gələcəyin sürpriz atleti kimi qələmə verilib.

Quliyev hətta 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 3 qızıl medal qazanan yamaykalı sprinter Useyn Boltla müqayisə edilib: “Yaxın gələcəkdə bir çox gənc atletin adlarını eşidəcəyik. Ən böyük sürprizə azərbaycanlı gənc Ramil Quliyev 200 metr məsafəyə qaçışda imza atdı. 20,04 saniyə nəticə göstərən Quliyev Useyn Boltun gənclər arasında dünya rekordundan cəmi 0,11 saniyə geri qaldı”.

Qeyd edək ki, Yay Universiadasında Azərbaycan üçün digər qızıl medalı cüdoçumuz Ramin Qurbanov (81 kq) əldə edib. Beləliklə, 2 qızıl medal qazanan yığmamız medal qazanan 56 ölkə arasında keyfiyyətcə 28-ci, kəmiyyətcə 46-cı yeri tutub.