15:33 13-07-2009
news_image
634
DİGƏR NÖVLƏR

Çingiz Hüseynzadə: Ramil Quliyevin uğuru təsadüfi deyil

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə azərbaycanlı atlet Ramil Quliyevin Serbiyanın paytaxtı Belqradda başa çatan Yay Universiadasındakı çıxışını şərh edib.

Hüseynzadə Lent.az-a açıqlamasında Quliyevin 200 metr məsafəyə qaçışda 20,04 saniyə nəticə ilə şəxsi rekordunu təkrarlamasını planlaşdırılmış halda aparılan işin nəticəsi kimi dəyərləndirib.

MOK rəsmisi azərbaycanlı sprinterin tezliklə dünyanın ən güclü atletlərindən birinə çevriləcəyini açıqlayıb: “Ramilin bu uğuru birdən-birə qazanılan və təsadüfi uğur deyil. O, 2007-ci ildən, başqa sözlə, 17 yaşından beynəlxalq yarışlarda çıxış edir və tədricən texniki göstəricilərini yüksəltməkdədir. Quliyev planlı hazırlıq nəticəsində uğurlarını sıralayır. Burada idmançının özü ilə yanaşı, məşqçilər və federasiyanın da əməyi var”.

Lakin Hüseynzadə Quliyev üçün dünya çempionluğunun hələ tez olduğunu bildirib. Onun fikrincə, xüsusi proqram və texnologiya əsasında çalışan atletimiz bir neçə ildən sonra yüksək nəticələr göstərə bilər. AAF prezidentinin fikrincə, sprinterimizin xarici mütəxəssislərin rəhbərliyi altında hazırlıq keçməsinə ehtiyac yoxdur: “Bizim kifayət qədər yerli məşqçilərimiz var. Yığmamızın baş məşqçisi Məhərrəm Sultanzadə bacarıqlı mütəxəssisdir. Ramilin atası Eldar Quliyev də atletika üzrə məşqçi kimi çalışır. Sprinterimiz onların rəhbərliyi altında kifayət qədər yüksək hazırlıq keçir”.

Qeyd edək ki, Yay Universiadasında Azərbaycanın 2 qızıl medalından 1-nin müəllifi olan Ramil Quliyev Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) tərəfindən yaxın gələcəyin sürpriz atleti kimi qələmə verilib. İAAF atletimizin 3 məşhur yamaykalı sprinter Useyn Boltun gənclər arasında dünya rekordundan cəmi 0,11 saniyə geri qaldığını qeyd edib.