11:42 23-07-2009
news_image
834
DİGƏR NÖVLƏR

Baş məşqçinin gəlini, olimpiya çempionumuzun qızı və...

Xorvatiyanın Osyek şəhərində təşkil olunmuş güllə və stend atıcılığı üzrə Avropa çempionatında Azərbaycan yığması hələ də medala həsrətdir. Apasport.az saytının məlumatına görə, mübarizəyə qoşulan xanım stend atıcılarımız da fəxri kürsüyə yüksələ bilməyiblər.

Milli komandamızın baş məşqçisi Hafiz Cəfərovun gəlini Nurlanə Cəfərova zəif nəticə göstərib. O, 54 xalla 32 nəfər arasında 29-cu sırada qərarlaşıb. Sidney Olimpiadasının qalibi Zemfira Meftahəddinovanın qızı Regina da əliboş qalıb. Gənclərin turnirində çıxış edən Regina 75 mümkün xaldan 56-sını (19+19+18) toplayıb. Bununla da, Meftahəddinova 12-ci yerlə kifayətlənib. Bu yarışda qızıl medala isveçli Tereza Lundqvist (62+24) sahib çıxıb.

Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumovanın oğlu Ruslan Lunyov isə güllə atıcılığının standart pnevmatik tapança növündə bəxtsizliklə üzləşib. Belə ki, 25 metrlikdən hədəfə atəş açan 20 yaşlı idmançımız son anda medal qazanmaq şansını itirib. O, 556 xalla 6-cı pilləni tutub. Ruslan daha 3 çox toplayacağı təqdirdə, bürünc medala layiq görüləcəkdi.