14:58 10-08-2009
news_image
713
STOLÜSTÜ OYUNLAR

Finala gedən yol Astaradan keçir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə Astara şəhərində kişilər və qadınlar arasında ölkə çempionatının seçmə yarışları start götürüb. AŞF-nin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət turnirə respublikamızın 20-dək şəhər və rayonundan 51 şahmatçı (37 kişi, 14 qadın) qatılıb.

Seçmə yarışlar avqustun 17-də yekunlaşacaq. Nəticədə qadınların turnirdə ilk iki yeri tutmuş şahmatçılar 2010-cu ilin yanvarında baş tutacaq Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. Kişilərin mübarizəsində isə ilk “beşlik”də qərarlaşan şahmatçılar noyabrda gerçəkləşəcək ölkə çempionatının I dəstəsində iştirak hüququna yiyələnəcəklər.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, həmçinin AŞF-nin hədiyyələri təqdim olunacaq.