13:54 14-08-2009
news_image
602
DİGƏR NÖVLƏR

Olimpiya çempionu avtomobil qəzasına düşdü

Üzgüçülük üzrə 14 qat olimpiya çempionu Maykl Felps avtomobil qəzasına düşüb.

Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, ABŞ idmançısının idarə etdiyi “Cadillac Escalade” markalı avtomobil Merilend ştatının Baltimor şəhərində “Honda Accord”la toqquşub.

Felps və onun avtomobilindəki iki sərnişinin heç biri zədələnməyib. “Honda” markalı digər avtomobilin sürücüsü isə ehtiyat tədbiri kimi xəstəxanaya çatdırılıb. Avtomobillərdən “Cadillac Escalade”nin yalnız kapotu əzilib, “Honda Accord” isə xeyli əzilib.

Polisdən bildirilib ki, məşhur üzgüçü hadisə vaxtı içkili olmayıb. Günahkar tərəf isə təhqiqat nəticəsində müəyyənləşdiriləcək.

Qeyd edək ki, Felps ötən il də yollarda xoşagəlməz olaylarla üzləşib. 2004-cü il Afina Yay Olimpiya Oyunlarında 6 qızıl, 2 gümüş medal qazandıqdan az sonra o, məhz Baltimorda içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Həmin vaxt üzgüçü 18 aylıq şərti həbs cəzasına məhkum edilib. 2008-ci Pekin olimpiadasında isə 8 qızıl medal qazanan amerikalı idmançı bu ilin yanvarında marixuana qəbul etdiyi vaxt fotoreportyorlar tərəfindən yaxalanıb. Az öncə başa çatan dünya çempionatında Felps 5 qızıl, 2 gümüş medal əldə edib.