14:58 18-08-2009
news_image
919
STOLÜSTÜ OYUNLAR

5 kişi və 2 qadın

Azərbaycan Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının təşkilatçılığı ilə Astarada kişi və qadınlar arasında ölkə çempionatının seçmə yarışları başa çatıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə respublikamızın 20-dək şəhər və rayonundan 51 idmançı (37 kişi və 14 qadın) mübarizə aparıb.

Yarışın əsasnaməsinə görə, kişilərin turnirində ilk “beşlik”də qərarlaşan şahmatçılar noyabrda baş tutacaq Azərbaycan çempionatının I dəstəsində iştirak hüququ qazanıb. Burada Yevlax təmsilçisi Fariz Əhmədov 7,5 xalla birinci yeri tutub. Həmçinin, növbəti sıralarda qərarlaşan Cavidan Babazadə (Lənkəran), Cavid Abbasov (Beyləqan), Elnur Əliyev (Lənkəran) və Əsgər Rzayev (Lənkəran) da I dəstəyə yüksəliblər.

Qadınların turnirdə ilk iki yeri tutmuş şahmatçılar Ağayeva Dilarə (Göyçay, 6 xal) və Türkan Həsənova (Şəmkir, 4,5 xal) 2010-cu ilin yanvar ayında keçiriləcək Azərbaycan çempionatının finalına vəsiqə əldə ediblər. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının hədiyyələri təqdim olunub.