16:30 05-10-2009
news_image
693
DİGƏR NÖVLƏR

Milli komandamız Cənubi Afrika Respublikasında oynayacaq

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət mili komandası “Çelenc-1” yarışında iştirak etmək üçün oktyabrın 8-də Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərinə yollanacaq. Bu haqda apasport.az saytına Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib.

Onun sözlərinə görə, yığmamızın qatıldığı turnir dünya reytinq cədvəlində 9-16-cı pillələrdə qərarlaşan kollektivlər arasında baş tutacaq. Koreya komandası imtinasından sonra yarış iştirakçılarının sayı 7-yə enib. Otüstü hokkeyçilərimiz A qrupunda Yaponiya (11 oktyabr), Çili (12 oktyabr) və CAR-ı (14 oktyabr) sınağa çəkəcək. Digər qrupda İspaniya, Yeni Zelandiya və İtaliya mübarizə aparacaq.

Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutacaq komandalar sonradan yaranacaq C qrupunda medallar uğrunda yarışacaqlar. A və B qrupunda daha zəif nəticə göstərən yığmalar isə D qrupunda 5-7-ci yerlərin sahiblərini müəyyənləşdirəcəklər. Turnirə oktyabrın 18-də yekun vurulacaq.