16:55 06-10-2009
news_image
1290
DİGƏR NÖVLƏR

Litvalı dünya çempionuna Bakıda 14 il iş verdilər

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik qaçaqmalçılığında təqsirləndirilən Litva vətəndaşı, hündürlüyə tullanma üzrə dünya çempionu Turskis Tomas və Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlunun məhkəmə prosesi yekunlaşıb.
Apasport.az saytının APA-ya istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə adıçəkilən təqsirləndirilənlərin cinayətlərinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 206-cı (qaçaqmalçılıq) maddələri ilə təqsirli bilinən Turskis Tomas və Zahoor Xan Əhməd oğlu hər biri 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihamnaməyə görə, 2009-cu ilin mayında İrandan Azərbaycana gələn Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlu gömrük nəzarətindən keçərkən Astara Gömrük İdarəsinin əməkdaşları ondan 6 kiloqram 952 qram heroin aşkar edərək götürüblər. Əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri “Empire” mehmanxanasının 309 nömrəli otağında Litva vətəndaşı Turskis Tomas da Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlundan narkotik vasitələri qəbul edərkən saxlanıb.

İstintaq müəyyən edib ki, Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlu Litva vətəndaşı Turskis Tomas və şəxsiyyətləri hazırda istintaqla müəyyən edilməmiş İxrac, Arturas və Kristis adlı digər şəxslərlə mütəşəkkil dəstə yaradaraq, külli miqdarda narkotik vasitələri Azərbaycandan keçirməklə İtaliyaya aparmaq niyyətində olub.