23:56 22-10-2009
news_image
1268
STOLÜSTÜ OYUNLAR

Azərbaycan yığması Avstriyanı mat qoydu: Növbədə İngiltərədir

Serbiyanın Novi Sad şəhərində kişi və qadın şahmatçılardan ibarət milli komandalar arasında 17-ci Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan həm kişilərin, həm də qadınların yarışında təmsil olunur.

Kişilərin mübarizəsinə 38 kollektiv qatılıb. Reytinqinə görə, çempionatın ikincisi sayılan yığmamızın püşkatmada bəxti gətirib. I turda şahmatçılarımız avstriyalı həmkarlarını sınağa çəkiblər.

Qadınların yarışında isə 28 komanda çıxış edəcək. Açılış turunda xanım idmançılarımız Fransa yığması ilə qüvvəsini sınayıblar. Qitə çempionatına oktyabrın 30-da yekun vurulacaq.

Kişilər
Azərbaycan - Avstriya - 3:1
Teymur Rəcəbov (2757) - Markus Recer (2561) - 0,5:0,5
Vüqar Həşimov (2740) - David Şengeliya (2560) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (2721) - Stefan Kindermann (2529) - 1:0
Rauf Məmmədov (2626) - Nikolaus Staneç (2541) - 1:0

Kişilərdən ibarət komandamız yarışa qələbə ilə başlayıb. Rəcəbovla Həşimov rəqibləri ilə xalları yarı bölüb. Məmmədovla Məmmədyarov isə rəqiblərini təslim edərək, yığmamıza 3:1 hesablı qələbə qazandırıb. Şahmatçılarımızın ikinci turda rəqibi İngiltərə yığması olacaq.

Qadınlar
Azərbaycan - Fransa - 2:2
Zeynəb Məmmədyarova (2285) - Mari Sebaq (2519) - 1:0
Nərmin Kazımova (2228) - Silviya Kollas (2319) - 0:1
Türkan Məmmədyarova (2233) - Paulin Qiçard (2304) - 1:0
Xəyalə İsgəndərova (2212) - Maria Lekont (2325) - 0:1

Zəriflərimiz ilk turu heç-heçə ilə başa vurublar. Məmmədyarova bacılarının qələbə qazanmasına baxmayaraq, Xəyalə və Türkan lövhədən məğlub ayrılıblar. Komandamızın növbəti rəqibi Serbiya olacaq.