22:39 23-10-2009
news_image
1879
STOLÜSTÜ OYUNLAR

Azərbaycan İngiltərəni də məğlub etdi, Serbiyanı da! - YENİLƏNİB

Serbiyanın Novi Sad şəhərində kişi və qadın şahmatçılardan ibarət milli komandalar arasında 17-ci Avropa çempionatında ikinci turun oyunları keçirilir.



Apasport.az saytının məlumatına görə, Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət yığmalarının rəqibləri bəllidir. Kişi komandamız İngiltərəni sınağa çəkib.


Xanım şahmatçılarımız isə necə deyərlər, gəmidə kapitanla dava edirlər. Onlar meydan sahibləri ilə üz-üzə gəliblər.



Kişilər

İngiltərə - Azərbaycan - 1,5:2,5

Maykl Adams (2682) - Teymur Rəcəbov (2757) - 0:1
Lyuk Makşeyn (2615) - Vüqar Həşimov (2740) - 0,5:0,5
Stüart Konkest (2563) - Qədir Hüseynov (2667) - 1:0
Simon Uilyams (2545) - Şəhriyar Məmmədyarov (2721) - 0:1

Artıq ilk partiya başa çatıb. Dördüncü lövhədə ağ fiqurlarla oynayan Məmmədyarov rəqibini 28-ci gedişdə təslim edib.

Ağ fiqurlarla oynayan Həşimov komandamıza yarım xal qazandırıb. O, ağ fiqurlarla oynamasına baxmayaraq, 34-cü gedişdə rəqibi ilə xalları yarı bölüb.

Az öncə Rəcəbov da görüşünü başa vurub. O, qara fiqurlarla oynadığı partiyanı 42-ci gedişdə qələbə ilə başa vurub.

Üçüncü lövhədə çıxış edən Hüseynov isə məğlubiyyətdən qaça bilməyib. Bununla belə, yığmamız komanda hesabında britaniyalıları 2,5:1,5 hesabı ilə üstələyib.


Qadınlar

Azərbaycan - Serbiya - 3,5:0,5

Zeynəb Məmmədyarova (2285) - Alisa Mariç (2405) - 1:0
Nərmin Kazımova (2228) - Nataşa Boykoviç (2429) - 0,5:0,5
Türkan Məmmədyarova (2233) - Anceliya Stoyanoviç (2323) - 1:0
Gülnar Məmmədova (2209) - İrina Çeluşkina (2333) - 1:0

Bu qarşılaşmada da bir oyuna yekun vurulub. Türkan qardaşı Şəhriyar kimi, qitə çempionatının ikinci günündə də lövhədən qələbə ilə ayrılıb. Komandamızın heyətində növbəti qələbəni birinci lövhədə oynayan Zeynəm Məmmədyarova qazanıb. Bu, onun qitə çempionatında qazandığı ardıcıl ikinci qələbə olub.

Gülnar Məmmədova da turu qələbə ilə başa vurub.Qara fiqurlarla oynayan şahmatçımız 74-cü gedişdə rəqibini məğlub edib.
Nərmin Kazımova isə turu yarım xalla başa vurub.

Qeyd edək ki, ilk turda kişi şahmatçılarımız Avstriyanı 3:1 hesabı ilə məğlub edib. Xanımlarımız isə fransalı həmkarları ilə xalları bölüblər - 2:2.