22:20 24-10-2009
news_image
2108
STOLÜSTÜ OYUNLAR

Almaniya və İspaniya da milli komandamızla bacarmadı

Serbiyanın Novi Sad şəhərində milli komandalar arasında keçirilən 17-ci Avropa çempionatında bu gün III tura start veriləcək.

Apasport.az saytının xəbərinə görə, həm kişilərin, həm də qadınların yarışında Azərbaycan yığmalarının rəqibləri müəyyənləşib.

Çempionatın ilk iki turunda Avstriyanı 3:1, İngiltərəni isə 2,5:1,5 hesabı ilə məğlub edən kişilərdən ibarət “kvartet”imiz Almaniya ilə üz-üzə gəlib.

İlk turda Fransa ilə bərabərliyə (2:2) qalan, ardınca Serbiyanı mat (3,5:0,5) qoyan qadın şahmatçılarımız isə İspaniyanı sınağa çəkib.

Kişilər
Azərbaycan - Almaniya - 2,5:1,5
1. Teymur Rəcəbov (2757) – Arkadi Naydiç (2685) - 0,5:0,5
2. Vüqar Həşimov (2740) – Georg Meyer (2664) - 1:0
3. Şəhriyar Məmmədyarov (2721) – Daniel Fridman (2661) - 0,5:0,5
4. Rauf Məmmədov (2626) – Yan Qustafsson (2622) - 0,5:0,5
Birinci lövhədə keçirilən partiya başa çatıb. Ağ fiqurlarla oynayan Rəcəbov 30-cu gedişdə Naydiçlə xalları yarı bölüb.
Daha bir erkən heç-heçə dördüncü lövhədə qeydə alınıb. Qara fiqurlarla oynayan Məmmədov 28-ci gedişdə rəqibi ilə sülh bağlayıb.
Bu da almanlar üzərində ilk qələbə. Həşimov qara fiqurlarla rəqibini təslim edir.
Az öncə Məmmədyarov da görüşünü başa vurub. O, ağ fiqurlarla oynadığı partiyadan 53-cü gedişdə yarım xalla ayrılıb.
Bu nəticə ilə milli komandamız Almaniyanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Qadınlar
İspaniya – Azərbaycan - 1,5:2,5
1. Sabrina Vega Qutyerres (2357) – Nərmin Kazımova (2228) - 0:1
2. Natalya Pares Vives (2282) – Türkan Məmmədyarova (2233) - 1:0
3. Patrisia Llaneza Vega (2277) – Xəyalə İsgəndərova (2212) - 0:1
4. Klaudiya Robles Qarsiya (2256) – Gülnar Məmmədova (2209) - 0,5:0,5
Yığmamızla ispanların qarşıdurmasında da ilk partiyada qalib müəyyənləşməyib. Dördüncü lövhədə çıxış edən Gülnar Məmmədova komandamıza yarım xal qazandırıb.
Nərmin Kazımova da görüşünü başa vurdu. Xanım şahmatçımız birinci lövhədə İspaniya yığmasının liderinə məğlubiyyət acısı daddırıb.
İlk iki turda qələbə qazanmış Türkan bu dəfə məğlub olub. Amma Xəyalə İsgəndərovanın qələbəsi sayəsində yığmamız ispaniyalılardan üstün olub - 2,5:1,5.